Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı
Bakı, 12 may, AZƏRTAC
Məmməd Əmin Rəsulzadənin latın qrafikası ilə bağlı “Müsəlman Şərqində inqilabın mədəni vəzifəsi” adlı məqaləsi bolşevik Moskvasında çap olunub. Bu barədə məlumat onun “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” əsərində yer alıb.
Bu fikirlər AMEA-nın A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun AZƏRTAC-a təqdim etdiyi “Azərbaycanın latın qrafikasına keçidi: Rəsulzadənin baxışı” məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, “Müsavat” liderinin Stalinlə bağlı xatirələri Türkiyədə “Dünya” qəzetinin 1954-cü ilin may-iyun nömrələrində 28 məqalə şəklində dərc edilib. “M.Ə.Rəsulzadə kimdir?” adlı bioqrafik yazı da həmin məqalələrə əlavə olunub. Əsərin orijinal adı “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” olsa da, sonradan daha çox “Stalinlə ixtilal xatirələri” adı ilə məşhurlaşıb. Məqalələrin fotosurətini doktor Ali Yavuz Akpınar göndərib.
M.Ə.Rəsulzadə “Bir məqalənin macərası” adlı hissədə yazırdı ki, əlifba məsələsinin Azərbaycanda ciddi mübahisələr doğurduğu dövrdə cəmiyyət iki mövqeyə bölünmüşdü. Bir tərəf ərəb əlifbasının tamamilə ləğv edilərək latın qrafikasına keçilməsini, digər tərəf isə ərəb əlifbasının islah olunmasını müdafiə edirdi.
Rəsulzadənin sözlərinə görə, o dövrdə Azərbaycanın maarif komissarı olan Dadaş Bünyadzadə ərəb əlifbasının islahı tərəfdarı idi. Bu mövqe həm də bəzi Azərbaycan vətənpərvərləri və türkçülər tərəfindən dəstəklənirdi. Bünyadzadə Moskvada Rəsulzadə ilə görüşərək ondan əlifba məsələsinə dair fikirlərini layihə şəklində qələmə almağı xahiş etmişdi.
Rəsulzadə həmin fikirləri Moskvada Millətlər Komissarlığı tərəfindən nəşr olunan “Jizn natsionalnostey” qəzetində çap etdirdiyini bildirirdi. O yazırdı ki, bolşeviklərin ərəb əlifbasını əvvəlcə latın, daha sonra isə rus əlifbası ilə əvəz etmək niyyətini hiss etdiklərindən, türk xalqları arasındakı mədəni əlaqələrin qırılmaması məsələsinə xüsusi diqqət yetirirdilər.
Məqalədə qeyd olunur ki, qəzet yazını dəyişdirmədən dərc etsə də, sonradan əlavə olunan bir neçə cümlədə əlifba islahının guya kommunizmin yayılmasına xidmət etdiyi vurğulanmışdı. Rəsulzadə buna etiraz etsə də, göndərdiyi məktub çap edilməmişdi.