Türk ekspert: Hörmüz boğazındakı böhrana görə bəzi ölkələr qarşıdakı aylarda qida çatışmazlığı ilə üzləşə bilər
Bakı, 12 may, AZƏRTAC
Hörmüz boğazı burada strateji boğaz nöqtəsidir. Çünki qlobal neft ticarətinin və mayeləşdirilmiş təbii qaz göndərişlərinin 20 faizi bu dar boğazdan keçir. Regiondakı münaqişə tankerlərin keçidini pozduğundan enerji qiymətlərində əhəmiyyətli dalğalanmalar müşahidə olunur. Bu vəziyyət logistika xərclərini birbaşa artırır. Boğazın bağlanması və yanacaq qiymətlərinin yüksəlməsi gəmiçilik xərclərini, sığorta haqlarını və daşımalar tariflərini yüksəldib. Artıq uzunmənzilli təchizat zəncirlərindən asılı olan qlobal qida sistemi nəticədə sürətlə təsirlənir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “TRENDS Research & Advisory” Türkiyə Proqramının direktoru Süha Çubukçuoğlu deyib.
O, gübrə istehsalında istifadə olunan kükürd kimi bəzi xammalın göndərişlərinin 40 faiz azaldığını diqqətə çatdırıb. Qeyd edib ki, təbii qaz qiymətlərinin artması gübrə xərclərini artırıb. Bu isə orta müddətdə qlobal miqyasda kənd təsərrüfatı istehsalı xərclərini yüksəldib. Şimal yarımkürəsində əkin mövsümü olan bu dövrdə sahələr məhsuldar istifadə edilə bilmədiyindən, bəzi ölkələr qarşıdakı aylarda qida çatışmazlığı ilə üzləşə bilər.
Ekspert xüsusilə körfəz vasitəsilə keçən ticarət yollarından asılı olan Asiya və Afrika ölkələrində ərzaq qiymətlərinin artdığını, çatdırılma gecikmələrinin və təchizat problemlərinin ön plana çıxdığını qeyd edib. “Məsələ yalnız bu gün məhsulların supermarket rəflərinə çatdırılması deyil, əsas məsələ gələn aylarda istehsal gücünü və qiymət sabitliyini qorumaqdır”, - deyə Süha Çubukçuoğlu vurğulayıb.