Rəqəmsal ödənişlər və onlayn kreditlərdə vətəndaşların hüquqlarını mövcud qanunlar təmin edirmi?
Bakı, 14 may, AZƏRTAC
Rəqəmsal ödənişlərin və onlayn kreditləşmənin sürətli artımı fonunda vətəndaşların maliyyə hüquqlarının qorunması üçün mövcud qanunvericilik yetərlidirmi?
Vəkil Roman Qaraşov AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, onun hüquqi mövqeyinə görə, Azərbaycanda bu sahədə qanunvericilik bazası mövcuddur, lakin onu tam yetərli hesab etmək doğru olmazdı.
“Bu gün ödəniş xidmətləri, bank fəaliyyəti, bank olmayan kredit təşkilatları və istehlak kreditləri ilə bağlı hüquqi tənzimləmələr var. Yəni, dövlət bu sahəni nəzarətsiz buraxmayıb. Mərkəzi Bankın da maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı nəzarət və şikayətlərə baxmaq səlahiyyətləri mövcuddur. Amma problem ondadır ki, rəqəmsal maliyyə xidmətləri çox sürətlə inkişaf edir. Vətəndaş mobil tətbiqdə bir neçə düyməyə basmaqla kredit götürür, ödəniş edir, kart məlumatlarını daxil edir. Bu zaman çox vaxt müqavilə şərtləri oxunmur, real faiz dərəcəsi, komissiyalar, gecikmə cərimələri və ümumi borc yükü tam anlaşılmır. Ona görə mən hesab edirəm ki, qanunvericilik əsas müdafiə mexanizmlərini yaratsa da, praktikada vətəndaşın qorunması üçün əlavə addımlar lazımdır”,- deyə o bildirib.
R.Qaraşovun sözlərinə görə, ilk növbədə, kredit və ödəniş şərtləri sadə, aydın və vətəndaşın başa düşəcəyi dildə təqdim olunmalıdır. O əlavə edib ki, “razıyam” düyməsinə basmaq formal razılıq kimi deyil, real və məlumatlı razılıq kimi qiymətləndirilməlidir və vətəndaş nəyə razılıq verdiyini bilməlidir: “Digər vacib məsələ kibertəhlükəsizlikdir. Saxta linklər, kart məlumatlarının ələ keçirilməsi, onlayn dələduzluq halları artdıqca məsuliyyət bölgüsü də daha aydın olmalıdır: hansı halda bank, hansı halda ödəniş xidməti, hansı halda istifadəçi məsuliyyət daşıyır?
Yekun olaraq deyə bilərəm ki, mövcud qanunvericilik müəyyən qədər yetərlidir, amma tam yetərli deyil. Rəqəmsal maliyyə mühitində vətəndaşın hüquqları yalnız qanunla deyil, həm də şəffaf müqavilə dili, güclü nəzarət, operativ şikayət mexanizmi və maliyyə savadlılığı ilə qorunmalıdır. Əsas prinsip budur: rəqəmsallaşma vətəndaşı hüquqi baxımdan daha zəif vəziyyətə salmamalı, əksinə, onun hüquqlarının daha effektiv qorunmasına xidmət etməlidir”.