Cənubi Afrika portalı Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən yazıb
Bakı, 14 may, AZƏRTAC
Cənubi Afrika Respublikasının məşhur “Independent Online” portalı Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən yazıb.
AZƏRTAC xəbər verir ki, portalda dərc olunan “WUF13 ərəfəsində Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib” sərlövhəli məqalədə ölkəmizin bununla paytaxt Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumundan əvvəl şəhər həyatı konseptini yenidən formalaşdırmağı və dayanıqlı inkişafı təşviq etməyi hədəflədiyi bildirilib.
Qeyd olunub ki, bu addım şəhərsalma siyasəti, memarlıq mədəniyyəti və dayanıqlı inkişaf istiqamətlərinə fokuslanan milli çərçivənin yaradılmasını nəzərdə tutur.
Məqalədə qeyd edilir ki, WUF13 “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq. Forumda 180 ölkədən 32 mindən çox iştirakçının qatılması gözlənilir. Tədbirdə onilliyin əsas çağırışlarından biri hesab olunan mənzil məsələsi müzakirə ediləcək.
Yazıda vurğulanır ki, hazırda dünyada təxminən üç milyard insan müxtəlif formalarda mənzil çatışmazlığı ilə üzləşir. Onlardan 1,1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizlik problemi yaşayır. Müəllif bildirir ki, iqlim dəyişiklikləri, sürətli şəhərsalma və artan bərabərsizlik bu problemləri daha da dərinləşdirir.
Qeyd olunur ki, Azərbaycanın ev sahibi ölkə kimi seçilməsi onun mürəkkəb çoxtərəfli prosesləri idarə etmək qabiliyyətinə beynəlxalq inamın artdığını göstərir. Bu etimad ölkənin COP29-a ev sahibliyi etməsi ilə daha da möhkəmlənib.
Məqalədə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinə də geniş yer verilib.
Həmçinin diqqətə çatdırılıb ki, WUF13 daha bir mühüm mərhələ olacaq. Ümumdünya Şəhərsalma Forumunun sessiyası çərçivəsində ilk dəfə Dövlət və hökumət başçılarının Sammiti keçiriləcək. Bu isə mənzil və şəhər transformasiyası məsələlərinin ən yüksək siyasi prioritetlər səviyyəsində qiymətləndirildiyini göstərir.