Fuad Aslanov: “Milli Kosmik İnkubasiya” proqramı ideyaların real həllərə çevrilməsi üçün platformadır
Bakı, 14 may, AZƏRTAC
“Milli Kosmik İnkubasiya” proqramı Azərbaycanda kosmik innovasiyaların təşviqi, sahibkarlığın dəstəklənməsi və güclü kosmik ekosistemin formalaşdırılması istiqamətində mühüm addımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Fuad Aslanov “Milli Kosmik İnkubasiya” proqramının açılış mərasimində çıxışı zamanı səsləndirib. Fuad Aslanov bildirib ki, layihə təkcə proqram deyil, ideyaların real həllərə çevrilməsinə və gələcək kosmik ekosistemin formalaşmasına xidmət edən platformadır.
O qeyd edib ki, proqram “Milli Kosmik Hakaton”, “Vistar” Mükəmməllik Mərkəzi və Yerin müşahidəsi üzrə müsabiqə kimi təşəbbüslərin uğurlu nəticələrinin davamı olaraq həyata keçirilir. “Altı ay ərzində 8 komanda intensiv inkişaf yolundan keçəcək. İştirakçılar konsepsiyanın formalaşdırılmasından bazara çıxış mərhələsinədək müxtəlif mərhələlərdə texniki və biznes bilikləri əldə edəcək, peşəkar startapların qurulması istiqamətində çalışacaqlar”, – deyə F.Aslanov vurğulayıb. Əlavə edib ki, proqram çərçivəsində iştirakçılar texniki və biznes təlimləri, sənaye mentorluğu, birgə innovasiya mühiti, qlobal bazarlara çıxış və investisiya imkanları ilə təmin olunacaqlar. Onun sözlərinə görə, proqram Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı üzrə 2026–2029-cu illər Strategiyası ilə uyğunluq təşkil edir və kosmik sektorda innovasiyaların inkişafına töhfə verir.
F.Aslanov iştirakçıları yaradıcı düşünməyə, innovativ yanaşmalar tətbiq etməyə və Azərbaycanın gələcək kosmik ekosisteminin formalaşmasında fəal rol oynamağa çağırıb.
Müxbir – Pərvanə Qafarova