Günay Əfəndiyeva: “Diplomatik xidmət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər olduqca əhəmiyyətlidir
Bakı, 14 may, AZƏRTAC
“Diplomatik xidmət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklər olduqca əhəmiyyətlidir. Çünki xarici siyasət Azərbaycanın dünyadakı mövqeyini formalaşdıran əsas istiqamətlərdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva səsləndirib.
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün mürəkkəb beynəlxalq şəraitdə müstəqil xarici siyasət kursunu qətiyyətlə davam etdirir. “Ölkəmiz beynəlxalq siyasi dialoqun, nəqliyyat və enerji əməkdaşlığının, mədəni və humanitar təşəbbüslərin mühüm mərkəzlərindən birinə çevrilib. Azərbaycan, eyni zamanda, Avropa, Türk dünyası, İslam ölkələri, Mərkəzi Asiya və Qlobal Cənub dövlətləri ilə əlaqələrini ardıcıl şəkildə gücləndirir”, – deyə deputat bildirib.
Günay Əfəndiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatik təmaslar ölkəmizin peşəkar və uzaqgörən xarici siyasət kursunun davamıdır. “Dövlətimizin başçısının Gürcüstana dövlət səfəri, Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, Latviya və Ukrayna prezidentlərinin, Litva, Çexiya və İtaliyanın Baş nazirlərinin Azərbaycana səfərləri ölkəmizin yürütdüyü xarici siyasətin uğurlarıdır. Həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirlərinə açıq dəstəyini ifadə etməsi də xüsusi vurğulanmalıdır. Bundan əlavə bir neçə gün sonra Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Sadalanan bütün bu faktlar Prezident İlham Əliyevin gərgin iş qrafiki ilə həyata keçirdiyi diplomatik fəaliyyət nəticəsində Azərbaycanın dünya miqyasında qazandığı nüfuzunu bir daha təsdiqləyir”.
Deputat bildirib ki, bu proseslərdə Azərbaycan diplomatlarının gündəlik, bəzən görünməyən, lakin son dərəcə məsuliyyətli fəaliyyəti mühüm rol oynayır. Onun sözlərinə görə, diplomatlarımız arxa cəbhənin peşəkar əsgərləridir. Onlar qürbətdə, fərqli siyasi və ictimai mühitdə, beynəlxalq qeyri-sabitlik şəraitində Azərbaycanın milli maraqlarının qorunması naminə fəaliyyət göstərirlər. Bu səbəbdən diplomatların peşə fəaliyyətindən irəli gələn yüksək məsuliyyət və çeviklik tələbi sosial müdafiə mexanizmlərinin daha da gücləndirilməsini zəruri edir. Həmçinin diplomatların dəstəklənməsi yalnız sosial siyasət məsələsi deyil, həm də dövlət strategiyasının mühüm istiqamətlərindən biridir.