İsgəndər Sərdarlı: Mirzə Qədim İrəvani irsi müasir dünyaya yeni baxış gətirir
Bakı, 14 may, AZƏRTAC
Builki sammitin “Qlobal Məsuliyyət” vizyonu “Sərdar Sandıq Mücrü Ocağı”nda illərdir yaşadılan və inkişaf etdirilən fəlsəfə ilə tam uyğunluq təşkil edir. Bu məkanda yalnız sandıq və mücrü nümunələri nümayiş etdirilmir, eyni zamanda unudulmuş mədəni yaddaş müasir rəqəmsal bərpa üsulları və 3D prototipləşdirmə vasitəsilə yenidən canlandırılaraq dünyaya yeni mesajlar ötürülür.
Müasir dövrdə – su ehtiyatlarının azalması, yaşıllığın məhdudlaşması və qlobal münaqişələrin artdığı bir şəraitdə sənətin birləşdirici gücü xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanda formalaşmış “Ailə modelli Sənət Terapiyası” beynəlxalq platformada təqdim olunur və diqqət çəkir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbulda keçirilən 29-cu Avrasiya İqtisadi Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin xarici əlaqələr üzrə bölmə rəhbəri İsgəndər Sərdarlı İrəvani bildirib.
Onun sözlərinə görə, İstanbulda sərgilənən bu sənət nümunələri, eyni zamanda, Mirzə Qədim İrəvani irsinin işığını müasir dünyaya daşıyır.
“Sammit çərçivəsində bir sıra nüfuzlu təşkilatların və tanınmış etnokuratorların işlərimizə göstərdiyi böyük maraq Azərbaycan sənətinin qlobal intellektual mühitdə aktuallığını bir daha təsdiqlədi. Əsas məqsədimiz bu zəngin irsi daha geniş akademik auditoriyaya çatdırmaq, Azərbaycanın milli-mədəni dəyərlərini bəşəri sülhün və ailə bağlarının möhkəmləndirilməsinin mühüm vasitəsi kimi təqdim etməkdir”, – deyə o əlavə edib.
Müxbir - Günel Alıyeva