Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması və ixrac proseslərinin sadələşdirilməsi imkanları nəzərdən keçirilib.
Qida məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda, heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi sahəsində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə, həmçinin elektron məlumat və təcrübə mübadiləsi, heyvanların identifikasiyası, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə, eləcə də pestisidlərin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmləri diqqət mərkəzində olub.
Sergey Dankvert Azərbaycanın müsbət təcrübəsini yüksək qiymətləndirərək, iki qurum arasında formalaşmış səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.