Müasir dövrün aktual şəhərsalma modelləri - yaz məktəbi
Bakı, 14 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ərəfəsində keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda yaz məktəbi təşkil olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, yaz məktəbi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsində tələbələrə “Müasir dövrün aktual şəhərsalma modelləri” mövzusunda mühazirə oxunub.
Fakültənin dekanı Rövşən Cavadov müasir şəhərsalma sahəsində mövcud problemlərdən, urbanizasiya prosesinin yaratdığı çağırışlardan və onların həlli istiqamətində həyata keçirilən layihələrdən danışıb. O, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini diqqətə çatdıraraq, həmin bölgələrdə tətbiq olunan “ağıllı şəhər” konsepsiyasının ölkənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova bildirib ki, ölkəmizdə beynəlxalq konfranslar və qlobal təşəbbüslərlə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. O qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetdə, eləcə də fakültədə elmi-praktik görüşlər, seminarlar və maarifləndirici tədbirlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, WUF13 ərəfəsində keçiriləcək “İnklüziv ideyalar” beynəlxalq elmi konfransının koordinatoru Hüseyn İbrahimov ölkəmizin Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsinin şəhərsalma və dayanıqlı inkişaf sahəsində ölkənin qazandığı nüfuzun göstəricisi olduğunu bildirib. O, gəncləri urbanistika və innovativ idarəetmə sahələrində daha fəal olmağa çağırıb.
Daha sonra Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Mətanət Abdalova müasir dövrdə tətbiq olunan şəhərsalma modelləri haqqında məruzə ilə çıxış edib. O, “ağıllı şəhər”, “inklüziv şəhər” və “polisentrik şəhər” modellərinin mahiyyətindən bəhs edərək bildirib ki, bu yanaşmalar şəhər mühitinin daha rahat, təhlükəsiz və dayanıqlı idarə olunmasına xidmət edir. Məruzədə Ağdam və Zəngilanda tətbiq olunan “ağıllı şəhər” konsepsiyasının xüsusi maraq doğurduğu qeyd olunub.
Tədbirdə, həmçinin “çoxmərkəzli inkişaf” modelinin üstünlükləri təhlil edilib. Bildirilib ki, bu model iri şəhərlərdə əhali sıxlığının azaldılması, regionların balanslı inkişafının təmin olunması və sosial-iqtisadi imkanların daha bərabər bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Təhsil şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru Ellada Xankişiyeva və Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova çıxışlarında həm müasir şəhər idarəçiliyi yanaşmaları, həm də Şərq şəhərsalma ənənələrinin bugünkü aktuallığını diqqətə çatdırıblar.
Tədbir tələbələrin suallarının cavablandırılması və şəhərsalmanın perspektivləri ətrafında aparılan müzakirələrlə yekunlaşıb.