Bakıdan Batumiyə gündəlik aviareyslərin həyata keçirilməsi planlaşdırılır
Tbilisi, 14 may, AZƏRTAC
“Bu gün Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli siyasi və iqtisadi münasibətlər fəal şəkildə inkişaf edir. Bunu artan ticarət dövriyyəsi təsdiqləyir. Ötən il ikitərəfli ticarət 300 milyard dollara çatıb. Əhəmiyyətli məsələlərdən biri də turist axınlarının rasional idarə olunmasıdır. Bakı-Batumi istiqamətində həftədə iki reys həyata keçirilir və iyun ayından etibarən uçuşlar gündəlik həyata keçiriləcək. Biz bu prosesi il ərzində mümkün qədər rahat etmək və vətəndaşlarımızın maraqlarına uyğunlaşdırmaq üçün çalışırıq".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Acarıstan hökumətinin yeni sədri Zurab Pataradzenin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumidəki baş konsulu Fuad Əzizov ilə görüşündə səslənib.
Acarıstan hökumətindən verilən məlumata görə, Batumi şəhərinin meri Giorgi Tsintsadzenin də iştirak etdiyi görüşdə Gürcüstanla Azərbaycan arasında mövcud ikitərəfli tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi perspektivləri, eləcə də gündəlikdəki bütün cari məsələlər müzakirə olunub.
Vurğulanıb ki, hər iki tərəf üçün vacib məsələlərin müzakirəsi, biznesin təşviqi və biznes forumlarının keçirilməsi Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına və investisiyaların cəlb olunmasına töhfə verəcək.
Görüşdə qeyd edilib ki, region ikitərəfli biznes forumlarına və genişmiqyaslı tədbirlərə fəal şəkildə ev sahibliyi etməyə hazırdır. Bu da biznes əlaqələrinin dərinləşməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcək.