Polşalı arxeoloqlar Tunc dövrü ilə bağlı tədqiqatlarını təqdim ediblər
Bakı, 14 may, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə polşalı arxeoloqların “Avrasiyanın Tunc dövrü mədəniyyətləri” mövzusunda elmi seminarı keçirilib.
Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Polşanın Yagellon Universitetinin doktoru Yustina Rzonça “Avrasiya çöllərində təkərli nəqliyyat və onun döyüşlərdə tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Şimali Avrasiyadakı çöl zolağında əsasən Tunc dövrü kurqan tipli qəbir abidələrində aşkar edilmiş dörd və ikitəkərli nəqliyyatın (arabaların) müxtəlif növləri nümayiş etdirilib. Göstərilən araba növlərinin və onların təkərlərinin konstruksiyalarının, dövrlərə, arxeoloji mədəniyyətlərə, müşayiətedici dəfn inventarına görə aparılmış təsnifatlar, həmçinin təkərli nəqliyyatın mülki və hərbi təyinatı barədə fikirlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Yagellon Universitetinin doktorantı Aleksandra Voyçik “Tunc dövrü fiqurları: Mərkəzi Avropadan nümunələr” mövzusunda təqdimatında müxtəlif materiallardan düzəldilmiş antropomorf və zoomorf fiqurların təyinatı barədə elmdə mövcud fikirlərdən bəhs edib. Təqdimatda fiqurların dövrlərə, regionlara, müxtəlif parametrlərə görə aparılmış təsnifatları barədə məlumat verilib.