Qərbi Azərbaycan İcmasında kitab təqdimatı
Bakı, 14 may, AZƏRTAC
Mayın 13-də Qərbi Azərbaycan İcmasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, həkim, yazıçı-publisist Zərifə Quliyevanın müəllifi olduğu “Heydər Əliyev irsi”, “Xariqələr yaradan qətiyyətli lider” və “Zəfər tariximizin fatehləri” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Qərbi Azərbaycan İcmasının rəhbər heyəti, dövlət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbir İcmanın foyesində təşkil olunan rəsm sərgisi ilə başlayıb. Sərgidə Qərbi azərbaycanlı gənc rəssamlar Arzu Novruzova, Sevinc Əhmədova və İsmayıl Hacıyevin Ümummilli Lider Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş rəsm əsərləri nümayiş edilib.
Akt zalında davam edən təqdimat mərasimi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, Zərifə Quliyevanın müəllifi olduğu kitablar Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərin və Zəfər tariximizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Əziz Ələkbərli vurğulayıb ki, Zərifə Quliyevanın yaradıcılığında Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və milli birlik mövzuları xüsusi yer tutur. Müəllifin fəaliyyəti yalnız ədəbi yaradıcılıqla məhdudlaşmır, həm də ictimai-humanitar təşəbbüslərlə müşayiət olunur.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Zərifə Quliyeva Azərbaycan qadınının ictimai fəallığını, vətənpərvərlik mövqeyini və dövlətçilik ənənələrinə bağlılığını öz fəaliyyətində uğurla təcəssüm etdirən ziyalılardandır.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Zərifə Quliyevanın əsərlərində Azərbaycan xalqının mübarizə ruhunun, dövlətə bağlılığın və milli həmrəyliyi dolğun şəkildə əks olunduğunu qeyd edib. Bildirib ki, müəllif xüsusilə Zəfər tariximizin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm fəaliyyət göstərir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə çıxışında bildirib ki, Azərbaycanın qazandığı tarixi uğurların əsasında güclü dövlətçilik modeli və milli həmrəylik dayanır. O qeyd edib ki, Heydər Əliyev irsi Azərbaycanın milli maraqlarının qorunması və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Tədbirdə çıxış edən digər natiqlər də müəllifin yaradıcılığı və ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.
Kitabların müəllifi Zərifə Quliyeva çıxış edərək nəşrlərin ərsəyə gəlməsi prosesi, aparılan araşdırmalar və kitabların əsas ideyası barədə ətraflı məlumat verib.
O bildirib ki, kitabların təqdimatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə təsadüf etməsi tədbirə xüsusi məna qazandırır. Müəllif çıxışında tarixi köklərinin Qərbi Azərbaycanla bağlı olduğunu da vurğulayaraq, təqdimatın məhz Qərbi Azərbaycan İcmasında keçirilməsinin onun üçün böyük mənəvi dəyər daşıdığını bildirib.