Vüqar Gülməmmədov Rusiyada forumda dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri barədə danışıb
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: KAZANFORUM” XVII Beynəlxalq İqtisadi Forumunda iştirak edir.
Palatadan AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində Rusiya tərəfindən ali audit orqanlarının “Dövlət auditi: davamlı iqtisadi artım naminə dövlət resurslarının səmərəli idarə edilməsində strateji tərəfdaş” mövzusunda iclası təşkil olunub.
Sessiyada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Dövlət auditinin rəqəmsal transformasiyası: dövlət idarəçiliyinin effektivliyinin qiymətləndirilməsində yeni alətlər, kibertəhlükəsizlik və verilənlərin auditi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Hesablama Palatasında həyata keçirilən rəqəmsal transformasiya tədbirləri, dövlət auditi sahəsində rəqəmsal inkişaf perspektivləri və bu prosesdən gözlənilən nəticələr barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Hesablama Palatasının nümayəndə heyəti Rusiya Hesablama Palatasının auditoru Svetlana Orlova, həmçinin Tatarıstan Hesablama Palatasının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, rəqəmsallaşma və satınalma sahələrində qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin ətraf mühit və təhsil sahələrində paralel auditlərin aparılması məsələləri müzakirə olunub.