Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur
İstanbul, 14 may, AZƏRTAC
İstanbulda açılan “ARTcontact” VI Beynəlxalq Çağdaş Sənət Sərgisində azərbaycanlı rəssam və heykəltəraşlarının əsərləri sərgilənir.
AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizdən Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) rəngkarlıq kafedrasının müdiri, dosent Ramil Məmmədov, akademiyanın nəzdində Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədov, AzRA-nın müəllimləri, dosent Bəxtiyar Yusufov, heykəltəraşlar baş müəllim Rahib Qarayev, Jalə Əliyeva, heykəltəraş Namiq Hüseynov, rəssamlar Nəzrin Xələfova və Fəxriyə Əliyeva, keramist-rəssam Fidan Həmidzadənin əsərləri nümayiş olunur. Bundan əlavə builki “ARTcontact”da Niderlandda yaşayan azərbaycanlı rəssamlar, SintLucas İncəsənət İnstitutunun müəllimi Rasim Hüseynov və Vəfa Rüstəmova, həmçinin Türkiyədə yaşayan həmyerlimiz bərpaçı-rəssam Vaqif Zeyidin də əsərləri yer alır.
Tədbirdə azərbaycanlı sənət adamlarının ümumilikdə 19 heykəltəraşlıq, 87 rəngkarlıq və akvarel işi, eləcə də 50 yaxın keramik əsərləri nümayiş olunur.
Bununla bağlı AZƏRTAC-a məlumat verən Namiq Hüseynov hazırda fəaliyyətini Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri İncəsənət kafedrasının müəllimi olaraq davam etdirdiyini deyib: “Sərgiyə “Qarabağ atı”, “Qədim Bakı” və “Bakı nağılı” mövzusunda üç əsərim təqdim edilib. Hər il Azərbaycan rəssamlıq sənətini təmsil edərək bu sərgiyə qatılırıq. Əsas məqsədimiz incəsənətimizin daha geniş auditoriya çatdırılmasıdır”.
Niderlanddan tədbirə qatılan rəssamımız Rasim Hüseynov isə açıqlamasında artıq 26 ildir bu ölkədə yaşadığını və fəaliyyətini orada davam etdirdiyini deyib: “Bu 26 il ərzində yüzdən artıq sərgim açılıb. İstanbuldakı sərgidə “Ana” mövzusunda Azərbaycan miniatür sənətini təmsil edən əsərlərim nümayiş olunur. Mövzu Qarabağın çətin dövrünə həsr edilib”.
Qeyd edək ki, “ARTcontact İstanbul” şəhərin ən böyük beynəlxalq tədbirlərindən biri olmaq xüsusiyyətini daşıyır. Hər il geniş iştirakçı kütləsinə ev sahibliyi edən tədbir dünyanın müxtəlif bölgələrindən gələn sənətçilərə yeni bazar imkanları təqdim etməklə yanaşı, onların beynəlxalq əlaqələr qurmasına və sənət dünyasında daha görünən olmasına şərait yaradır. Müasir incəsənətin müxtəlif sahələrinə aid əsərlərin nümayiş olunduğu sərgidə, həmçinin panel müzakirələri, ustad dərsləri və xüsusi tədbirlər də təşkil edilir. Builki tədbirdə dünyanın 40 ölkəsindən mindən artıq sənətçinin müxtəlif mövzu və üslublarda hazırlanan əsərləri sərgilənir.