Ziya Göyalp -150: fikirləri, irsi və Türk dünyası
Bakı,14 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Türkiyə və türkologiya konfransları” layihəsi çərçivəsində Şərqşünaslıq fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Ziya Göyalp-150: fikirləri, irsi və Türk dünyası” mövzusunda tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirin açılışında BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Farid Nağıyev çıxış edərək Ziya Göyalpın türk düşüncə tarixində xüsusi yerə malik olduğunu, onun ideyalarının bu gün də Türk dünyasının inteqrasiya prosesində aktuallığını qoruduğunu bildirib.
Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan isə belə tədbirlərin ortaq türk mədəniyyətinin və elmi əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
Hacettepe Universitetinin Türk Araşdırmaları İnstitutunun direktoru Yunus Koç Ziya Göyalpın Türk dünyasına gətirdiyi elmi yanaşmadan, milli kimlik və modernləşmə məsələlərinə baxışından bəhs edib.
BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Bakı Slavyan Universitetinin Balkan araşdırmaları kafedrasının müdiri Nurlana Qasımlı Mustafayeva və Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, jurnalist və şair Dəyanət Osmanlı çıxışlarında Ziya Göyalpın türk xalqlarının ortaq mədəni yaddaşının formalaşmasındakı rolundan, milli kimlik və dil anlayışına verdiyi töhfələrdən, eləcə də Türk dünyasında mədəni və ideoloji birliyin gücləndirilməsi istiqamətində irəli sürdüyü fikirlərin aktuallığından danışıblar.