“Azərkosmos” rəsmisi: Kosmik startapların inkişafı Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının əsas istiqamətlərindəndir
Bakı, 14 may, AZƏRTAC
Kosmik startapların və innovativ təşəbbüslərin dəstəklənməsi Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasının prioritet istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərkosmos”un İdarə Heyəti sədrinin müavini Fuad Aslanov “Milli Kosmik İnkubasiya” proqramının açılış mərasimində çıxışı zamanı danışıb.
“Azərkosmos”un rəsmisi bildirib ki, proqram ölkədə kosmik innovasiya mədəniyyətinin formalaşdırılmasına, texnoloji inkişafın sürətləndirilməsinə və Azərbaycanın regional kosmik innovasiya mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edir.
Fuad Aslanov qeyd edib ki, “Milli Kosmik İnkubasiya” layihəsi “Azərkosmos”un strateji hədəfləri ilə yanaşı, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın məqsədlərinə də birbaşa töhfə verir.
“Layihə kosmik sektorda innovasiyaların təşviqi, Yerin müşahidəsi və digər biznes istiqamətlərindən əldə olunan gəlirlərin artırılması, həmçinin dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Fuad Aslanov vurğulayıb.
Sədr müavini əlavə edib ki, 2026-cı ildə “Azərkosmos”un milli strategiyanın icrasına təxminən 2 faiz töhfə verməsi gözlənilir ki, bu da kosmik sektorun Azərbaycan iqtisadiyyatı üçün artan əhəmiyyətini nümayiş etdirir.
Müxbir – Pərvanə Qafarova