ADU-da Çin Turizm Günü qeyd olunub
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Çin Turizm Günü münasibətilə “Turizm sahəsində Azərbaycan-Çin əməkdaşlığı” mövzusunda tələbə elmi seminarı keçirilib.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda ADU-nun çinşünas tələbələri Min sülaləsi dövrünün məşhur coğrafiyaşünası Xiu Syakenin ölkə daxilində 30 illik səyahətinə həsr olunmuş “Səyahət qeydləri” kitabı üzərində işin başlanmasının şərəfinə təsis edilmiş bayramın tarixindən danışıblar. Qeyd olunub ki, Xiu Syake Çinin müxtəlif bölgələrinin coğrafiyasının, mədəniyyətinin və adət-ənənələrinin öyrənilməsinə və təsvirinə mühüm töhfələr verib. Onun kitabı Çin tarixində ilk səyahət kitabıdır. Bayramın əsas məqsədi turizm sənayesini təşviq etmək, daxili turizmi inkişaf etdirmək, mədəni irsi populyarlaşdırmaq, Çinin unikal təbii və tarixi görməli yerlərinə diqqət çəkməkdir. Bu əlamətdar gündə Çinin hər yerində səyahət mədəniyyətini təbliğ edən tədbirlər, tematik sərgilər və festivallar keçirilir.
Seminarda ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov turizm sənayesində Azərbaycan-Çin əməkdaşlığının inkişafından danışıb və çinli turistlərin Azərbaycanda rahat qalmasını təmin etmək üçün hazırlıq səviyyəsini artırmağı hədəfləyən Dövlət Turizm Agentliyinin “China Ready” proqramının əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, iki ölkə arasında vizasız rejim, Pekin, Urumçi və Bakı arasında birbaşa uçuşların artırılması və Bakıda keçirilən Çin Turizm Zirvəsində Azərbaycan və Çin turizm şirkətləri arasında imzalanan əməkdaşlıq müqavilələri sayəsində çinli turistlərin sayı hər il artır. R.Abbasov onu da qeyd edib ki, Konfutsi İnstitutu Azərbaycanın turizm potensialını təşviq etmək və ölkənin regionlarında yeni tematik turizm istiqamətlərinin açılmasını asanlaşdırmaq məqsədilə Çin dilində bələdçilərin hazırlanması və reklam bələdçilərinin tərcüməsi proqramları həyata keçirir.