Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü dövlətdir – ŞƏRH
Bakı, 12 may, AZƏRTAC
Prezident İlham Əliyevin Zəngilanda verdiyi bəyanatlar təkcə Azərbaycanın xarici siyasətini deyil, həm də hazırkı daxili siyasi kursunu əks etdirir. Ermənistanla münasibətlərə gəldikdə, dövlət başçısı ölkəmizin konstruktiv əməkdaşlıq, ilk növbədə, sülh sazişinin yekunlaşdırılmasına sadiq olduğunu bir daha açıq şəkildə bildirdi. Azərbaycan xalqının keçdiyi bütün əzablara baxmayaraq, dövlətimiz praqmatik kursa sadiqdir, yəni, keçmiş münaqişələr regional siyasi proseslərin gələcək istiqamətini müəyyən etməməlidir.
Bu fikirləri AZƏRTAC ilə politoloq İlqar Vəlizadə bölüşüb.
O qeyd edib: “Prezident vurğuladı ki, əgər Ermənistanda və ondan kənarda keçmişdəki münaqişələrə həqiqətən son qoymaq istəyirlərsə, onlar Bakının mövqeyini nəzərə almalıdırlar. Azərbaycan daim o mövqedən çıxış edib ki, münaqişə hazırkı reallıq fonunda həll olunmalıdır - gələcək haqqında düşünməyin və normal, qarşılıqlı faydalı münasibətlər qurmağın vaxtıdır.
Təəssüf ki, vəziyyət istədiyimiz qədər sadə deyil. Həm Ermənistanda, həm də xaricdə yeni şəraitdə münaqişə gündəmini irəli sürməyə çalışan qüvvələr var. Söhbət Azərbaycana açıq müharibə elan etməyə cəsarət edən kimsədən getmir. Biz başa düşürük ki, bu, mümkün deyil, çünki Azərbaycan həmişəkindən daha güclüdür. Dövlət başçısı bunu açıq şəkildə bildirib - Azərbaycan istənilən təhdidə cavab verəcək! Buna görə də, dağıdıcı qüvvələr gizli şəkildə, kiçik addımlarla Azərbaycana zərər verməyə və sülh gündəmini ləngitməyə çalışırlar”.
Politoloqun sözlərinə görə, bu məsələdə təkcə öz ölkələrində ictimai rəyə müəyyən təsir göstərən erməni revanşistlərin deyil, həm də xarici aktorların maraqları kəsişir. Zahirən Ermənistanın inkişafını təşviq etməyə çalışan bu qüvvələr, əslində, regionda öz mövqelərini gücləndirir. Onlar vəziyyəti və guya Azərbaycandan gəlməsi ehtimal olunan təhdidləri manipulyasiya edirlər.
“Düzünü desək, Avropanın bəzi siyasətçiləri, xüsusən də Fransa lideri bu məsələdən sui-istifadə etməkdən çəkinmirlər. Vəziyyət elə təqdim olunur ki, sanki indi Ermənistanın təhlükəsizliyinə Rusiya deyil, Fransa zəmanət verməlidir. Bu, İrəvanın arxasında Fransa kimi bir güc olmadığı təqdirdə Ermənistanın “təcavüzün” qurbanı olmaq riski ilə üzləşmə ehtimalına dair yalan təəssürat yaradır. Bu cür ucuz taktikalar nə sülhü, nə də etimadı təşviq etmir. Onlar sadəcə münaqişənin modelini dəyişdirirlər. YəniŞ münaqişənin özü qalır, yalnız əsas xarici simalar dəyişir”, - deyə o izah edib.
İ. Vəlizadə əlavə edib ki, Azərbaycan Prezidenti çıxışında Ermənistanı, xüsusən də erməni cəmiyyətini bu cür addımlardan çəkindirib. “Gələcəkdə revanşistlərin xeyrinə seçim edilərsə, bu, müharibədən ötrü seçim olacaq və bunun məsuliyyəti tamamilə Ermənistan xalqının üzərinə düşəcək. Bu, həm də Fransaya və Azərbaycanın artan rolu ilə barışmayan Avropa siyasətçilərinə ünvanlanan mesajdır. Vəziyyəti manipulyasiya etməyi və başa düşmədiyiniz regional məsələlərə müdaxilə etməyi dayandırın. Əvvəlki illərdə region sadəcə oyunlarınız üçün sövdələşmə predmeti idi, amma bu gün Azərbaycan xarici qüvvələrin vəziyyəti idarə etməsinə imkan verməyəcək qədər güclü bir dövlətdir”, - deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, regionda yeni dünya nizamının möhkəmliyini sınaqdan keçirmək üçün edilən hər hansı cəhd təşəbbüskarların öz maraqlarına qarşı yönələcək. “Mahiyyət etibarilə, Prezident bu insanlara öz daxili problemlərinə diqqət yetirməyi tövsiyə edib. Biz bəzi Avropa ölkələrinin iqtisadi vəziyyətini görürük. Azərbaycanla konstruktiv əməkdaşlıq onlara bu məsələlərin, xüsusən də enerji sektorundakı problemlərin heç olmasa bir hissəsini həll etməyə kömək edə bilər”, - deyə İ. Vəlizadə sözlərini yekunlaşdırıb.
Müxbir - Leyla Muradzadə