Muzeyin direktoru: Azyaşlılar üçün xüsusi maarifləndirici layihələr təşkil olunur
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün təşkil olunan xüsusi tədbirlər kiçik ziyarətçilərin incəsənətə, tarixə və elmlərə marağını artırmaq məqsədi daşıyır. Bu tədbirlərdə uşaqlar əyləncəli və interaktiv formada yeni biliklər qazanır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirirlər. Əlamətdar və tətil günləri ilə bağlı olan proqramlar, interaktiv ekskursiyalar, ustad dərsləri, kölgə tamaşası və kino nümayişləri vasitəsilə uşaqlar muzey mühitində öyrənir və əylənirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova deyib.
“Hər həftənin şənbə və bazar günləri keçirilən “Uşaqlar üçün incəsənət tarixi” layihəsi mühazirə, tematik ekskursiya, ustad dərsi, viktorina, kvest oyunu kimi proqramları əhatə edərək Azərbaycan və dünya incəsənətinin müəyyən dövrünə həsr olunur. Uşaqlar hər ölkənin incəsənətinə aid eksponatlarla tanış olaraq bu mövzuda mühazirələr dinləyirlər. Daha sonra onlar üçün hazırlanmış guşədə müxtəlif əsərlər hazırlayırlar”, - deyə Şirin Məlikova diqqətə çatdırıb.
O bildirib ki, həmçinin muzey sosial məsuliyyət və inklüzivlik prinsipini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi davam etdirir. Fiziki məhdudiyyətli şəxslər üçün uyğunlaşdırılmış proqramlar, taktil nümunələr və informasiya əlçatanlığını artıran texnoloji həllər muzeyin hər kəs üçün açıq mədəni məkan olmasına xidmət edir.
Müxbir – Gülay Nəzərova