“Varlıq” jurnalının Azərbaycan tarixində strateji əhəmiyyəti təhlil edilib - tədqiqat
Bakı, 12 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi dosent Əli Fərhadov Tehranda nəşr olunmuş “Varlıq” jurnalının (1979-2014) Azərbaycan tarixindəki strateji əhəmiyyətini təhlil edib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədqiqatda qeyd olunub ki, doktor Cavad Heyətin baş redaktorluğu ilə Tehranda Azərbaycan dilində nəşr edilmiş “Varlıq” jurnalı sadəcə bir mətbuat orqanı deyil, həm də bir xalqın ortaq tarixi yaddaşının bərpası baxımından önəmli olub.
Jurnalda Azıx mağarası və Qafqaz Albaniyası ilə bağlı dərc olunan məqalələr Azərbaycan xalqının bu torpaqlardakı tarixi köklərini elmi əsaslarla sübut edib. Xüsusilə bu araşdırmalar, bəzi xarici tədqiqatçıların tarixi irsimizi təhrif etmə cəhdlərinə qarşı akademik bir sədd funksiyasını yerinə yetirib.
Jurnalın yazarları Şimalda baş verən hadisələri (Rusiya işğalı, xristian missionerliyi, daşnak terroru, müstəqillik) cənublu oxuculara çatdıraraq vahid milli və dini kimlik şüurunu gücləndiriblər. İşğal dövründə baş verən milli faciələr hər iki tərəfin ortaq tarixi və taleyi paylaşdığını göstərir.
“Varlıq” jurnalı müstəbid idarəçilərin, beynəlxalq imperializmin və onların əlaltılarının tarix boyu xalqımıza qarşı zorakılıq və assimilyasiya siyasətini ifşa edir. Türk dilinin adının dəyişdirilməsinə dair aparılan təhlillər jurnalın milli kimlik siyasətinə dərindən bələd olduğunu sübut edir.
Doktor Cavad Heyətin 20 Yanvar və Qarabağ hadisələri fonunda Qərb dünyasına ünvanladığı “Xristianlar üçün ayağa qalxan dünya, müsəlman qanı töküləndə niyə susur?” sualı jurnalın ədalətsizliyə qarşı fəryadı kimi bu gün də aktuallığını qoruyur.
Jurnalda islamofobiya tənqid edilir, terrorizmin islamla bir araya sığmadığı, islamda humanizm və maarifçilik ideyaları vurğulanır. Həmçinin Azərbaycanın milli-dini, həm də ümumbəşəri, demokratik dəyərlərə sadiq müasir dövlət imici dəstəklənir. Bu, eyni zamanda, etnik və dini radikalizmə qarşı intellektual bir müqavimət nümunəsidir.