Romada Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş sərgi təşkil edilib
Bakı, 12 may, AZƏRTAC
Mayın 11-də Romada Adnkronos İnformasiya Mərkəzində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Zamanın rəngləri: Azərbaycan rəssamlarının baxışı” adlı qrup sərgisinin açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən səfir Rəşad Aslanov Ümummilli Lider Heydər Əliyevin ölkənin gələcəyinin məhz gənclər və mədəniyyət üzərində qurulduğunu uzaqgörənliklə müəyyənləşdirdiyini, bu sahələrin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdiyini bildirib.
Sonra Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə sərgi haqqında ətraflı məlumat verib, əsərlərin həm Azərbaycanı, həm də İtaliyanı tərənnüm etdiyini, iki ölkə arasında daha da möhkəmlənən mədəni bağların təcəssümü olduğunu bildirib.
Rəssamlar Aylal Heydərova, Cəsar Məmmədov, Ayan Əziz Məmmədova, Nizar Məmmədov, Aynur Sakitqızı, Nihad Ağazadə, Tomris Vəliyeva, Xanlar Əsədullayev, Sevinc Məhəməliyeva, Aqşin Kazımov, Emiliya Əsədullayeva, Mahir Qafarov, Sevinc Hacıyeva, Çinarə Baxşıyeva-Qafarovanın əsərləri sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 14 rəssamın 31 rəsm əsərinin və 3 heykəltəraşlıq nümunəsinin nümayiş olunduğu sərgi mayın 17-dək ictimaiyyət üçün açıq olacaq.