“Sabah”ın baş məşqçisi: Finalda digər klublar yox, özümüz üçün oynayacağıq
Bakı, 12 may, AZƏRTAC
“Sabah” ardıcıl ikinci ildir kubokun finalında iştirak edir. Düşünürəm ki, burada ola bilmək böyük şərəfdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında “Zirə” ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, güclü komandaya qarşı mübarizə aparacaqlarını söyləyib: “Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibi bu mərhələyə qədər gələ bildiyinə görə təbrik edirəm. Ümid edirəm ki, azarkeşlər də matçdan zövq alacaqlar. Karyeramda baş məşqçi kimi titullar qazanmışam. Bunlar heç də asan əldə olunmayıb. Sabahkı matç bizim üçün tarixi fürsətdir. Kuboka sahib olmaq üçün ona layiq olmaq lazımdır. Ötən il olduğu kimi, bu il də qalib olub adımızı tarixə yazdırmaq istəyirik. Düşünürəm ki, həyəcanlı oyuna şahidlik edəcəyik”.
Litvalı mütəxəssis üzərilərində təzyiq hiss etmədiklərini söyləyib: “Nəyə görə başqa komandalara görə təzyiq hiss etməliyik? Sabah hər iki komanda üçün tarixi oyundur. Əldə edəcəyimiz nəticənin digər klubların taleyinə necə təsir edəcəyi bizi maraqlandırmır. Bu barədə danışmağın heç bir mənası yoxdur. Çünki biz özümüz üçün oynayacağıq”.
Baş məşqçi belə rəqibə qarşı matça hazırlaşmağın çox çətin olduğunu vurğulayıb: “İstəyirik ki, bolqollu və həyəcanlı oyun olsun. Hər iki komanda kifayət qədər yaxşı hazırlaşıb və qələbə üçün əlimizdən gələni edəcəyik. Onların oyunlarını dəfələrlə izləmişəm və analiz etmişəm. Fikrimcə, görüşün taleyini kiçik detallar həll edəcək. İstənilən vəziyyətə qarşı planlarımız var. Üzərimizdə təzyiq olmadan meydana çıxacağıq. İstədiyimiz oyunu nümayiş etdirə bilsək, ən yaxşı tərəf biz olacağıq. Komanda olaraq bir-birimizi tanıyırıq. Finallardan hər şey gözləmək olar. Çünki iki tərəf də aqressiv oyun nümayiş etdirəcək. Hər baxımdan maraqlı və həyəcanlı qarşılaşma alınacaq. Fikrimcə, sürprizlər də yaşana bilər və az səhv edən komanda meydandan qalib kimi ayrılacaq”.
Qeyd edək ki, mayın 13-də “Palms Sports Arena”da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.
Operator - Şövqi Əzizov