Belarus bazarı Azərbaycanın ticarət şəbəkələri üçün maraqlı əməkdaşlıq imkanları təqdim edən istiqamətdir - AÇIQLAMA
Bakı, 12 may, AZƏRTAC
Azərbaycanda bazar iqtisadiyyatının inkişafına göstərilən dövlət dəstəyi və yaradılan əlverişli biznes mühiti sahibkarlıq subyektlərinin daha geniş fəaliyyət göstərməsinə şərait yaradır. Həyata keçirilən iqtisadi islahatlar yerli iş adamlarının beynəlxalq bazarlara çıxışını, idxal-ixrac əməliyyatlarında iştirakını və yeni əməkdaşlıq formatlarından faydalanmasını stimullaşdırır. Biznesin inkişafı vergi daxilolmalarının artmasına, dövlət büdcəsinin güclənməsinə və ümumilikdə iqtisadi fəallığın yüksəlməsinə töhfə verir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Belarus Universal Əmtəə Birjasının Bakıda keçirdiyi seminarda iştirak edən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov deyib.
A. İmanov vurğulayıb ki, rəhbərlik etdiyi İctimai Birlik ölkədə pərakəndə ticarət sahəsində fəaliyyət göstərən aparıcı şəbəkələri özündə birləşdirir.
“Birliyimizə ölkədə fəaliyyət göstərən aparıcı ticarət şəbəkələri — “Araz”, “Bravo”, “Bazarstore”, “Oba”, “Rahat”, “Neptun”, “Bolmart”, “Grandmart”, “Megastore”, “Al Market”, “Tamstore”, “Spar”, “Rossmann”, “Novas Home”, “Bakı Electronics”, “Soliton” və digərləri daxildir. Üzv şirkətlər əsasən pərakəndə ticarət sahəsində fəaliyyət göstərməklə geniş satış şəbəkələri, minlərlə əməkdaşı və gündəlik istehlakçı təması ilə ölkənin ticarət sektorunda mühüm yer tutur. Birliyin əsas fəaliyyət istiqamətlərindən biri üzv şirkətlərin beynəlxalq təcrübə ilə tanışlığına, xarici bazar iştirakçıları ilə əlaqələrinin genişləndirilməsinə və mümkün əməkdaşlıq imkanlarının dəyərləndirilməsinə dəstək göstərməkdir”, – deyə A. İmanov qeyd edib.
Birlik sədri bildirib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici ölkələrin pərakəndə ticarət sahəsindəki təcrübəsinin öyrənilməsi və üzv şirkətlər üçün yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi onların əsas fəaliyyət istiqamətlərindəndir: “Bu istiqamətdə artıq Türkiyə və Böyük Britaniya ilə əlaqələr qurulub, müvafiq təcrübə mübadiləsi və əməkdaşlıq imkanları müzakirə olunub. Belarus bazarı da Azərbaycan ticarət şəbəkələri üçün maraqlı əməkdaşlıq imkanları təqdim edən istiqamətlər sırasında dəyərləndirilir. Belarus kənd təsərrüfatı və qida məhsullarının istehsalı və ixracı sahəsində mühüm təcrübəyə malik ölkələrdəndir. Bu ölkənin istehsalçıları ilə əlaqələrin qurulması yerli ticarət şəbəkələrində məhsul çeşidlərinin genişlənməsinə və istehlakçılara müxtəlif seçim imkanlarının təqdim olunmasına töhfə verə bilər. Eyni zamanda, Belarusun bəzi istehsalçılarının yerli bazarların xüsusiyyətlərini nəzərə alaraq halal standartlara uyğun məhsullar təqdim etməsi Azərbaycan istehlakçısı üçün əlavə maraq doğurur”.
Araz İmanov əlavə edib ki, biznes forumlar sahibkarlar arasında birbaşa əlaqələrin qurulması, yeni ticarət imkanlarının araşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından olduqca faydalıdır.
“Müasir dövrdə elektron ticarət və rəqəmsal həllərin sürətlə inkişaf etdiyi bir şəraitdə birja ticarəti də biznes subyektləri üçün mühüm imkanlar yaradır. Birja mexanizmləri ticarət əməliyyatlarının daha şəffaf, sistemli və təhlükəsiz həyata keçirilməsinə, risklərin azaldılmasına və tərəfdaşlar arasında etimadın güclənməsinə xidmət edir. Bu baxımdan, Belarus Universal Əmtəə Birjası kimi platformalar Azərbaycan ticarət şəbəkələri üçün yeni əməkdaşlıq kanalları aça bilər”, – deyə A. İmanov fikirlərini tamamlayıb.