Səlçuk Karakılıç: Türkiyənin müdafiə sənayesindəki yüksəliş dost və qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilir
Bakı, 12 may, AZƏRTAC
"SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi Türkiyənin hərbi-texnoloji imkanlarını yalnız nümayiş etdirdiyi bir tədbir deyil, eyni zamanda qlobal güc balanslarına birbaşa mesaj verdiyi strateji bir platformaya çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç deyib.
"Bu cür tədbirlər artıq klassik sərgi məntiqindən kənara çıxaraq dövlətlərin strateji çəkisini, texnologiya səviyyəsini və geosiyasi iddiasını göstərən “güc nümayiş platformaları” kimi qəbul edilir. İHA/SİHA sistemləri, raket texnologiyaları, elektron müharibə imkanları və yerli istehsal gücü Türkiyənin strateji təsir gücünü artırır, digər tərəfdən diplomatiya, vasitəçilik, humanitar yardım və mədəni təsir alətləri ölkəni regional “mərkəz dövlət” mövqeyinə yüksəldir. Bu balans Türkiyəni yalnız reaksiya verən deyil, eyni zamanda prosesləri formalaşdıran bir aktora çevirir",- deyə S.Karakılıç əlavə edib.
S.Karakılıç bildirib ki, Türkiyənin müdafiə sənayesindəki yüksəliş dost və qardaş ölkələr tərəfindən də yüksək qiymətləndirilir. Türk müdafiə sistemləri bir çox ölkə üçün yalnız kommersiya məhsulu deyil, həm də strateji təhlükəsizlik təminatı və uzunmüddətli siyasi əməkdaşlıq göstəricisidir. Bu da Türkiyənin regional təsirini gücləndirir və onun hərbi gücünü möhkəmləndirir.
“SAHA Expo və oxşar sərgilər Türkiyənin beynəlxalq müdafiə sistemindəki yerini daha da gücləndirir. Bu platformalar vasitəsilə Türkiyə həm NATO müttəfiqlərinə, həm də müxtəlif regionlardan gələn ölkələrə öz müdafiə texnologiyalarını birbaşa təqdim edir və ixrac imkanlarını genişləndirir. Bu isə ölkənin yalnız hərbi deyil, iqtisadi diplomatiya gücünü də artırır. Nəticə etibarilə Türkiyənin müdafiə sənayesindəki yüksəlişi təkcə texniki inkişaf deyil, qlobal güc arxitekturasını dəyişdirən strateji transformasiyadır. SAHA EXPO kimi tədbirlər bu transformasiyanın nümayiş platformasını təşkil edir və Türkiyənin beynəlxalq sistemdəki mövqeyini yenidən müəyyənləşdirir. Türkiyə artıq yalnız müdafiə istehlakçısı deyil, müdafiə istehsalçısı, ixracatçısı və qlobal təhlükəsizlik balansına təsir edən əsas dövlətlərdən birinə çevrilib".