Ulu Öndər Heydər Əliyev qədim Qəbələni məhv olmaqdan necə xilas etdi? – Tarixi faktlar
Qəbələ, 12 may, AZƏRTAC
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin qorunub saxlanılmasında və milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər hər zaman vurğulayırdı ki, öz tarixini dərindən bilən xalq yenilməzdir. Məhz bu ideologiya ilə o, qədim paytaxtımız olan Qəbələnin arxeoloji tədqiqini və tarixi abidə kimi mühafizəsini daim diqqət mərkəzində saxlamışdır. Bu diqqətin nəticəsidir ki, bu gün Qəbələ təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən mühüm tarixi və mədəniyyət mərkəzlərindən biri hesab olunur.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə məxsusi açıqlamasında 40 ilə yaxındır Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyasına rəhbərlik edən tarix elmləri doktoru, professor Qafar Cəbiyev söyləyib.
O bildirib ki, Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də siyasi həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən isə yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının əsas iqamətgahı burada yerləşib. I əsr Roma müəllifi Böyük Plininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr yunan müəllifi Klavdi Ptolemeyin “Coğrafiya dərsliyi” əsərində “Xabala” kimi adı çəkilən Qəbələ orta əsr mənbələrində də tez-tez xatırlanır.
“70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları indiki Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. 1926-cı ildən başlayaraq Qəbələdə davamlı olaraq arxeoloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də arxeoloji araşdırmalarda bilavasitə iştirak edirlər”, - deyən professor qeyd edib ki, çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərin tarixinin bir sıra mühüm istiqamətlərinə dair zəngin tapıntılar əldə olunub. Bu tapıntılar Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyir və Azərbaycanın qədim dövlətçilik tarixinin, həmçinin şəhər mədəniyyəti ənənələrinin hərtərəfli öyrənilməsi baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.
Qəbələ ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı ordularının, habelə şimaldan köçərilərin Albaniya ərazilərinə olan dağıdıcı hücum və basqınları zamanı dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin və Qızıl Orda hərbi birləşmələrinin Albaniyaya yürüşləri və ərazidə baş vermiş qanlı toqquşmalar zamanı Qəbələyə dəfələrlə çox ciddi ziyan dəyib. Lakin bütün bu dağıntılara rəğmən şəhər yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında mühüm rol oynamaqda davam edib.
Tarixi mənbələri istinad edən Qafar Cəbiyev diqqətə çatdırıb ki, Azərbaycan çar Rusiyası və sovet imperiyasının tərkibində olduğu dövrdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarları rus hərbçiləri tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ radiolokasiya stansiyası tikilərkən milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksəkgərginlikli elektrik xəttinin qədim şəhər ərazisindən keçməsi layihələşdirilib. Layihə icra olunarkən hərbçilər arxeoloq- alimlərin ciddi etirazına məhəl qoymayaraq, qədim şəhərin yerləşdiyi əraziyə ağır texnika gətirməklə orada böyük elektrik dirəkləri basdırılıb. Şəhərətrafı ərazidə, xüsusən də Kamaltəpə və Şiştəpədə aparılan hamarlama işləri zamanı qədim tikinti qalıqları və məzarlıqlar dağıdılıb. Beləliklə də qədim paytaxt şəhəri növbəti dəfə dağıdılmaq təhlükəsi ilə üz-üzə qalıb. O vaxt baş verənlər barədə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilov məlumatlandırılıb. Q.Xəlilov isə məsələ barədə Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevə məruzə edib. Qəbələ ətrafında baş verənləri dərindən araşdıran Ulu Öndər məsələni dərhal Azərbaycan KP MK-nın Büro iclasının müzakirəsinə çıxarmaq barədə göstəriş verib. Onun tapşırığı ilə Qəbələyə ezam olunmuş Dövlət Komissiyasının hazırladığı arayış Mərkəzi Komitənin 1978-ci il 17 yanvar tarixli Büro iclasında geniş müzakirə olunub və abidənin qorunmasına laqeyd münasibət göstərmiş olan cavabdeh şəxslər ciddi cəzalandırılıb.
Q.Cəbiyevin sözlərinə görə, Qəbələ RLS-ə yüksəkgərginlikli elektrik xəttinin çəkilişi ilə əlaqədar qədim paytaxt şəhəri ətrafında baş verənlər sadəcə hansısa mühəndis-texniki layihənin icrası deyilmiş. Bu addımın arxasında obrazlı şəkildə desək, “erməni-rus birləşmələrinin” Azərbaycanın zəngin dövlətçilik tarixini özündə yaşatmaqda olan qədim Qəbələni tamamilə yox etmək kimi çirkin planları varmış.
“Qəbələ ətrafında baş verənləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin qədim paytaxt şəhərimizin növbəti dəfə dağıntılara məruz qalmasının qarşısını necə aldığı barədə həqiqətləri gec də olsa hər kəs bilməlidir. Ulu Öndər Heydər Əliyev kommunist rejiminin qadağa və təhdidlərinin tüğyan etdiyi, milli mədəniyyətlərin hər vasitə ilə sıxışdırıldığı bir dövrdə, sözün əsl mənasında, Ümummilli Liderə xas qətiyyət və prinsipiallıq nümunəsi nümayiş etdirərək Qəbələni məhv olmaqdan xilas etdi”, - deyən Qafar Cəbiyev bildirib ki, 1925-ci ildən başlayaraq artıq 100 ildir Qəbələnin tarixi arxeoloji baxımdan öyrənilir. Bu illər ərzində 100-dən artıq arxeoloji ekspedisiya işləyib, axtarışlar nəticəsində 15 mindən çox arxeoloji artefakt qeydə alınaraq götürülüb, tədqiqatların yekunlarına dair 5000 səhifədən çox hesabatlar tərtib olunub. Beləliklə, Qəbələnin tarixinə dair olduqca zəngin mənbəşünaslıq bazası yaradılıb.
“Ulu Öndərin qayğısı sayəsində Qəbələ Dövlət qoruğu elan edildi, Qaraçay və Govurlu çaylarının sel sularının dağıtmaq təhlükəsi olan yerlərdə beton bəndlər salındı, arxeoloji tədqiqatlar intensiv xarakter aldı. Təsəvvür edin, o illərdə Qəbələdə eyni vaxtda 4-5 arxeoloji ekspedisiya işləyirdi”, - deyə o əlavə edib.
Qəbələ Beynəlxalq Arxeoloji Ekspedisiyasının rəhbəri bildirib ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq ölkədə hökm sürən xaos və hərc-mərclik dövründə Azərbaycanın digər yerlərində olduğu kimi, Qəbələdə də arxeoloji tədqiqatlar dayandırıldı. Yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qəbələdə yenidən elmi axtarışlara start verildi.
Professor deyib: “Mübaliğəyə yol vermədən deyə bilərik ki, qədim paytaxt şəhərimiz olan Qəbələ bu gün Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib. Prezident İlham Əliyevin xeyir-duası ilə 2014-cü ildə açılışı olan Qəbələ Arxeoloji Mərkəzi bu gün uğurla fəaliyyət göstərir. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qədim İpək Yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturun mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqları təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edib”.
Müxbir - Rasim İslamoğlu