“Gənc tədqiqatçılar” konfransı: ADAU-nun əczaçı tələbələri biliklərini nümayiş etdiriblər
Gəncə, 12 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əczaçılıq kafedrasında “Buta Farm” MMC və “Berlin-Chemie Menarini Azərbaycan” əczaçılıq şirkətlərinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) “Gənc tədqiqatçılar” adlı III elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən danışaraq bu cür tədbirlərin gənclərin tədqiqat bacarıqlarının formalaşmasına, innovativ düşüncə tərzinin inkişafına və elmi potensiallarının üzə çıxarılmasına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti nəticəsində bu gün tələbələrin elmə marağı daha da artır və onların beynəlxalq elmi mühitə inteqrasiyası üçün geniş imkanlar yaradılır. Əhməd Məlikov gənc tədqiqatçıların gələcəkdə ölkənin aqrar və səhiyyə sahələrinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və iştirakçılara uğurlar arzulayıb.
Konfrans çərçivəsində 8 tələbənin elmi məruzəsi dinlənilib və professor-müəllim heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, Kamal Mənsimov I yerə, Nurlana Allahverdiyeva II yerə, Davud Sevindikov və Muhammet Veysel Tutal isə III yerə layiq görülüblər. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunub, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.
Müxbir - Elcan Məmmədov