Ermənistandakı “Nvidia” infrastrukturundan istifadəçi məlumatları sızdırılıb
Bakı, 12 may, AZƏRTAC
Amerikanın “Nvidia” şirkəti “GeForce NOW” xidmətinin bəzi istifadəçilərinin məlumatlarının sızmasını təsdiqləyib.
AZƏRTAC “Bleeping Computer”ə istinadla xəbər verir ki, şirkətin açıqlamasına görə, hadisə Ermənistanda fəaliyyət göstərən regional tərəfdaş olan “GFN.am”ın infrastrukturunda baş verib. Sızma haqqında məlumat haker forumundakı paylaşımdan sonra ortaya çıxıb.
Hücum nəticəsində istifadəçilərin ad və soyadları, elektron poçt ünvanları, doğum tarixləri və abunə məlumatlarının əldə edildiyi bildirilir.
“Nvidia” öz sistemlərinin hücumdan təsirlənmədiyini bildirib. Öz növbəsində, “GFN.am” kiberhücumun 20-26 mart tarixləri arasında baş verdiyini və heç bir hesab parolunun oğurlanmadığını vurğulayıb.
Şirkət, həmçinin hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib. Qeyd etmək lazımdır ki, striminq xidmətinin Ermənistandakı tərəfdaşının məlumatına görə, hadisə 20-26 mart 2026-cı il tarixləri arasında baş verib. Sızmaya hesab parolları daxil deyildi. Həmçinin hadisə 9 martdan sonra qeydiyyatdan keçmiş istifadəçilərə təsir etməyib. “GFN.am” Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Ukrayna və Özbəkistanda da “GeForce Now” xidməti üçün məsuliyyət daşıyır.