Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib
Bakı, 12 may, AZƏRTAC
Tanınmış caz musiqiçisi, Əməkdar artisti, “Baku Piano Festival”ın təsisçisi Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da iştirak edib. Azərbaycanlı caz musiqiçisinin çıxışı böyük maraqla qarşılanıb.
2017-ci ildə təsis edilmiş “Tbilisi Rhythm Festival”ı (Soso Lagidze adına Beynəlxalq İncəsənət Festivalı) Gürcüstanda illik mədəni tədbirdir və caz, klassik və müasir musiqinin dünya ulduzlarını bir araya gətirir. Bu il festival ənənəvi olaraq Tbilisi Dövlət Konservatoriyasında konsertlər və musiqi ilə teatr quruluşlarının yer aldığı çıxışlar da daxil olmaqla, dünya sənətçilərini təqdim edir.
Ş.Növrəsli AZƏRTAC-ın müxbiri ilə söhbətində beynəlxalq festivalda çıxışların Azərbaycan caz musiqiçiləri üçün çox vacib olduğunu qeyd edib: “Bu, onlara daha geniş auditoriya tərəfindən eşidilmək, digər musiqiçilərlə tanış olmaq və peşəkarlıq cəhətdən inkişaf etmək imkanı verir. Belə konsertlər sayəsində Azərbaycan cazı daha geniş auditoriyada tanınır və dünya səhnəsində inamla səslənir”.
Qeyd edək ki, Azərbaycan caz musiqiçisinin çıxışı yerli mətbuatda geniş işıqlandırılıb.
Müəllif – Anara Axundova