Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır
İstanbul, 10 may, AZƏRTAC
Türkiyədə keçirilən IV Beynəlxalq Rotary Sülh Filmləri Festivalının mükafatlandırılma mərasimi olub. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, kinorejissor Şamil Əliyev festivalında münsiflər heyəti qismində iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu il “Sülh sənəti: qonaqpərvərlik” mövzusu ilə təşkil edilən festivala 50 ölkədən 200-ə yaxın müraciət daxil olub. Türkiyənin məşhur aktyor və rejissoru Tamer Leventin münsiflər heyəti rəhbəri olduğu festival müxtəlif coğrafiyalardan gələn hekayələri ortaq platformada bir araya gətirib.
Festivalda iştirakı ilə bağlı AZƏRTAC-a açıqlama verən Şamil Əliyev türkiyəli peşəkarlarla işləməkdən məmnunluq hissi keçirdiyini bildirib. O, deyib: “Festivalın dünyada sülh üçün bir payının olacağına inanıram. Burada Azərbaycandan təqdim edilən filmlər də var idi, lakin təəssüf ki, dərəcə qazana bilmədilər. Gələcəkdə kinematoqrafçılarımızın daha hazır şəkildə festivala qatılacaqlarına və nailiyyət əldə edəcəklərinə inanıram. Bu cür tədbirlərin bəşəriyyət üçün böyük əhəmiyyəti var. Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır. Biz bu kimi sülhsevər, tolerant, humanist ideyalarla sülhü təbliğ etməliyik”.
Festivalın İstanbulun Pera Muzeyində keçirilən mükafatlandırma mərasimində “Ən yaxşı sənədli film”, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı tələbə sənədli filmi”, “ Ən yaxşı tələbə qısametrajlı filmi” naminasiyaları üzrə mükafatlar sahiblərinə təqdim edilib.
Qeyd edək ki, 2021-ci ildə dünyada sülhə nail olmaq səylərini təşviq etmək üçün İstanbulda qurulan Rotary Sülh Klubu tərəfindən təşkil edilən festival, sülh fəlsəfəsini və dilini qlobal miqyasda yaymağı hədəfləyir.