Ümummilli Liderin anadan olmasının 103 illiyi münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən respublika ərazisində pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.
Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Mayın 8-də Bakı şəhəri “Pro Bono”, “Prospekt”, “Prestij” vəkil bürolarının, Bakı şəhəri 10 və 13 nömrəli vəkil bürolarının, Gəncə, Şəki, Şirvan regional vəkil bürolarının, Cəlilabad, İmişli rayon vəkil bürolarının vəkilləri və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstəriblər.
Vəkillər tərəfindən 114 vətəndaşa hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.