Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb
Qusar, 10 may, AZƏRTAC
Qusarda keçirilən “ISFA Sporting Cup 2026” komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilən turnirdə Bakı, Sumqayıt, Xırdalan, Quba, Qusar, Şabran, Xaçmaz və Xudat şəhərlərindən 26 komandanın heyətində 104 şahmatçı yarışıb.
Turnirin açılış mərasimində Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyhun Hacıyev, “Məmmədyarovlar Şahmat Məktəbi”nin direktoru, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Gündüz Vəliyev, Respublika Şahmat Məktəbinin müəllimi Fidan Talıbova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək şahmatın gənclərin məntiqi təfəkkürünün, intellektual səviyyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Çıxış edənlər dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının, bu sahənin inkişafı istiqamətində görülən işlərin nəticəsində bölgələrdə idmana marağın artığını, yeni nəsil istedadların yetişdiyini diqqətə çatdırıblar. Həmçinin paytaxt və bölgələr arasında idman sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Qusar Rayon Heydər Əliyev Mərkəzində keçirilən turnirin yekununda yüksək nəticə göstərən komandalar və iştirakçılar kubok, medal və diplomlarla təltif olunublar. Xüsusi nominasiyalar üzrə fərqlənən iştirakçılara xüsusi mükafatlar təqdim edilib.
Müxbir – Elxan Yusifli