Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində anım tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Əvvəlcə Maliyyə Nazirliyinin kollektivi Nazirliyin inzibati binasında Ulu Öndərin büstü önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, müasir idarəçilik ənənələrinin formalaşdırılması və müstəqilliyimizin qorunub saxlanılması istiqamətində misilsiz xidmətlərindən bəhs olunub, Onun zəngin dövlətçilik irsinin və xalqımıza xidmət nümunəsinin hər zaman yaşadılacağı vurğulanıb.
Daha sonra nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri düzüb, Onun işıqlı xatirəsini ehtiramla anıblar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri qoyulub.