Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Sankt-Peterburq, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri, müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sankt-Peterburqda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində əvvəlcə Ulu Öndərin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Ali Məktəbinin binası üzərindəki barelyefi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra Baş Konsulluqda keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Başar Başol, Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburqdakı ali hərbi akademiyalarında təhsil alan azərbaycanlı zabitlər, Azərbaycan icmasının nümayəndələri və Baş Konsulluğun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Baş Konsulluğun rəhbəri vəzifəsini icra edən Anar Yusifzadə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq onun Azərbaycan xalqının taleyində müstəsna rol oynayan böyük dövlət xadimi və tarixi şəxsiyyət olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxaraq, müstəqil və güclü dövlətə çevrilib.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik ənənələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyü 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə tam təmin olunub.
Türkiyənin baş konsulu Başar Başol Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin təməlinin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, Ulu Öndərin xatirəsinə ehtiramını ifadə edib.
Sankt-Peterburqdakı Azərbaycan icmasının nümayəndəsi Siyavuş Əhmədalıyev isə çıxışında Heydər Əliyevin Azərbaycanın inkişafında, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsində müstəsna xidmətlərini qeyd edib, onun Sankt-Peterburqda yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılara Azərbaycan milli mətbəxindən ibarət çay süfrəsi təqdim olunub.