Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür
Qusar, 10 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Zirvələrin əzəməti” mövzusunda beynəlxalq elmi-praktik tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə filialın foyesində Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü, dosent Nigar Bağırovanın fərdi yaradıcılıq sərgisi ilə tanış olublar.
Rəsmi hissə filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Mədəniyyət Mərkəzində Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin, milli ideologiyamızın və sarsılmaz birliyimizin baş memarıdır. Onun uzaqgörən siyasəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng quruculuq işləri məhz Ulu Öndərin strateji hədəflərinin təzahürüdür.
Professor, həmçinin əlavə edib ki, pedaqoji kollektivin əsas vəzifəsi Heydər Əliyev məktəbinin dəyərlərini gənc nəslə aşılamaqdır. Konfransın beynəlxalq statusda keçirilməsi isə Türk dünyası elmi əlaqələrinin möhkəmlənməsinə, eləcə də “Bir millət, iki dövlət” fikrinin elmi müstəvidə uğuruna xidmət edir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının məsul əməkdaşı Təbriz Qurbanov, rəssam Nigar Bağırova, Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi Elza Orucova, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyəti, tarixi və dövlətçiliyinə verdiyi misilsiz töhfələrdən danışıblar.
Beynəlxalq tədbirə Özbəkistandan gələn qonaqlar – Fərqanə Dövlət Universitetinin dosenti Muqaddamxon İbrohimovna, professor Sohiba Zokirova, Urgənc Dövlət Pedaqoji Universitetinin dosenti Məhəbbət Rəhimbəyova dahi liderin Türk dünyasının birliyi istiqamətindəki tarixi xidmətlərini xüsusi vurğulayıblar.
Sonda Ümummilli Liderin dövlətçilik irsinin təbliği və milli inkişaf strategiyasının gənc nəsil arasında tanıtdırılması istiqamətində səmərəli fəaliyyət göstərən bir qrup ziyalıya – Nigar Bağırova, Elza Orucova, Aytən Qurbanova və Nəhayət Şirinovaya Fəxri fərmanlar təqdim olunub.
Müxbir – Elxan Yusifli