TADDEF-in sədr müavini: Heydər Əliyevə olan sevgi sönmür
Ankara, 10 may, AZƏRTAC
Heydər Əliyev müstəqil Azərbaycanın nailiyyətlərinin simvolu, müasir Azərbaycan dövlətçiliyinin və ölkəsinin tərəqqisinin təməlini qoyan liderdir.
Bu fikri Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini, İğdır “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Serdar Ünsal AZƏRTAC-a müsahibəsində söyləyib. O vurğulayıb ki, dahi dövlət xadiminin adı Azərbaycanı regionda “parlaq ulduz”a çevirən layihələr və proqramlarla ayrılmaz şəkildə bağlıdır.
Serdar Ünsal qeyd edib ki, xalqının və bütün Türk dünyasının tarixində silinməz iz qoyan Azərbaycanın dahi oğlu nəsillər üçün nümunə olaraq qalır: “Heydər Əliyev Türk dünyasının ən mühüm şəxsiyyətlərindən biridir. Onun “Bir millət, iki dövlət” kəlamı dərin məna daşıyır və Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın sarsılmazlığını simvolizə edir”.
İğdır “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri deyib ki, Ümummilli Lideri şəxsən tanıdığı, Naxçıvan Muxtar Respublikasında olduğu müddətdə onunla görüşdüyü üçün özünü xoşbəxt hesab edir: “Heydər Əliyev mühasirədə olan Naxçıvanı, daha sonra isə bütün Azərbaycanı xilas etdi. Onun anadan olmasının 103-cü ildönümündə biz Azərbaycanda sabitliyə və iqtisadi inkişafa yol açan Ulu Öndərin xatirəsini ehtiramla yad edirik”.
TADDEF-in sədr müavini vurğulayıb ki, Heydər Əliyevə olan sevgi sönmür.