İQTİSADİYYAT
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Türkiyənin İnvestisiyaya Dəstək və Təşviq Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır
Bakı, 15 may (AZƏRTAC). İstanbul şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının və İdarəetmə Komitəsinin növbəti iclası və XIX İllik Dünya İnvestisiya Konfransı keçirilmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirmişlər ki, iclasda İstanbul şəhərində təşkilatın qərargahının açılması məsələsinin müzakirəsi ilə yanaşı, təşkilatın idarəetmə komitəsi və daimi katibliyi tərəfindən hazırlanmış yeni strategiya, eləcə də yeni strategiyanın həyata keçirilməsi üzrə ilkin tədbirlər planı təqdim olunmuşdur.
Tədbir çərçivəsində 2012-ci ildə Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Strateji Əməkdaşlıq Şurasının iclası zamanı hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Protokola uyğun olaraq, AZPROMO ilə Türkiyə Respublikasının Baş naziri yanında İnvestisiyaya Dəstək və Təşviq Agentliyi (İSPAT) arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır.