İDMAN
Kristi Man: Azərbaycanda qadın güləşi yüksək səviyyədə inkişaf edir
Bakı, 23 may, AZƏRTAC
"Azərbaycanda olduğuma görə çox xoşbəxtəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ-ın Arkanzas güləş təşkilatının sədri Kristi Man mətbuat konfransında deyib.
O, Azərbaycanda bu idman növünün inkişafı üçün kifayət qədər resurs olduğunu bildirib: "Müxtəlif güləş zallarını ziyarət edib, bir sıra məşqçilərlə tanış olduq. Yeni insanlarla tanışlıq məni xoşbəxt etdi. Yaşadığım ştatda güləş zallarına daxil olarkən orada qadın güləşçilərin az olduğunu görə bilərik. Azərbaycanda isə vəziyyət fərqlidir. Düşünürəm ki, ölkənizdə qadın güləşi yüksək səviyyədə inkişaf edir".
Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.