AZƏRBAYCANDA MÜLKİ AVİASİYANIN YARADILMASININ 70 İLLİK YUBİLEYİ QEYD EDİLİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mülki aviasiya işçiləri iyunun 2-də peşə bayramını - 70 illik yubileylərini qeyd edirlər.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Milli Aviasiya Akademiyasının rəhbərliyi, əməkdaşları, müxtəlif ölkələrdən gəlmiş qonaqlar və aviasiya veteranları Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, müstəqil dövlətimizin memarı və qurucusunun əziz xatirəsini ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçək dəstələri düzülmüşdür.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkə aviatorları 2006-cı ildən başlayaraq peşə bayramlarını qeyd edirlər. 1938-ci il iyunun 2-də keçmiş SSRİ Ali Sovetinin qərarına əsasən, Azərbaycan mülki aviasiyasının müstəqil qurum kimi fəaliyyətə başladığını xatırladan A.Məmmədov, bu il qurumun 70 illik yubileyinin yüksək göstəricilərlə qeyd olunduğunu vurğulamışdır. ADMAA-nın direktoru təzə alınmış təyyarələr hesabına yeni reyslərin açıldığını, bir çox istiqamətlərdə reyslərin sayının artırıldığını qeyd etmişdir. Bildirmişdir ki, bu yaxınlarda alınacaq ən müasir təyyarələr Amerika qitəsinə birbaşa uçuşları həyata keçirməyə imkan verəcəkdir.
X X X
Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan mərasimdə əvvəlcə yubiley münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülmüş aviatorların siyahısı oxunmuşdur.
Sonra Azərbaycan mülki aviasiyasının tarixini və bu gününü əks etdirən sənədli film nümayiş olunmuşdur.
Yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Mülki Aviasiya Administrasiyasının (AMAD) direktoru Arif Məmmədov bildirmişdir ki, bu gün Azərbaycan Mülki Aviasiyasının həyatında tarixi bir gündür - biz ölkəmizin mülki aviasiyasının 70 illik yubileyini təntənə ilə qeyd edirik. Ümumiyyətlə isə, peşə bayramımız üçüncü ildir qeyd olunur. Mülki aviasiyamızın inkişafında ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini vurğulayan məruzəçi demişdir ki, aviatorlar aviasiyamızın milli strategiyasının əsl memarı olan ulu öndərə həmişə minnətdar olacaqlar. Ölkəmizdə mülki aviasiyaya diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Mülki aviasiyamızın tarixini bir neçə mərhələyə bölən A.Məmmədov Azərbaycanda müstəqil aviasiya qrupunun 70 il əvvəl yaradıldığını xatırladaraq bildirmişdir ki, o vaxt Bakıdan Moskva, Xarkov, Tiflis, Həştərxan şəhərlərinə hava xətləri açılmış, sərnişinlərin və poçtun təyyarə ilə daşınmasının təməli qoyulmuşdur.
Böyük Vətən müharibəsi dövründə bir çox sahələr kimi, mülki aviasiya sahəsi də “Hər şey cəbhə üçün!” şüarı altında fəaliyyət göstərmişdir. Müharibədən sonrakı illərdə mülki aviasiyamız yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, “İL-14”, “İL-18” sərnişin təyyarələri, xüsusi təyinatlı aviasiya üçün “An-2” təyyarələri, “Mi-1” və “Mi-4” vertolyotları istismara daxil olmuşdur. Bu dövr 1970-ci illərə qədər davam etmişdir.
1970-1980-ci illəri tam qətiyyətlə ölkədaxili hava xətlərinin inkişaf mərhələsi adlandıran Administrasiyanın direktoru demişdir ki, məhz bu dövrdə Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilmiş, paytaxt Bakı ilə bu şəhərlər arasında hava əlaqəsi yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri nəticəsində keçmiş SSRİ-də birincilər sırasında Azərbaycana gətirilən “Yak-40”, “Tu-134” və “Tu-154” tipli turboreaktiv təyyarələr Bakı, Gəncə, Naxçıvan hava limanlarından müxtəlif istiqamətlərə uçuşların coğrafiyasını xeyli genişləndirmişdir. Çox keçməmiş turboreaktiv “Mi-2” və “Mi-8” vertolyotlarından ibarət yeni texnika da Azərbaycanın aviasiya ailəsinə daxil olmuşdur. Bu vertolyotlar indi də Xəzər dənizindəki yataqlarda çalışan neftçilərə xidmət göstərir.
Ulu öndərimizin imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar aviasiyamızın tarixində yeni mərhələ açmış, onun yeni sürətli inkişaf dövrü başlanmışdır. Bu illər ərzində mülki aviasiyaya 200 milyon dollardan artıq investisiya qoyulmuş və bunun nəticəsində müasir tələblərə cavab verən yeni təyyarələr, texniki avadanlıq alınaraq respublikaya gətirilmişdir.
Avropa ilə Asiya arasında hava nəqliyyatında mühüm məntəqələrdən olan Bakıda müasir beynəlxalq aerovağzal kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və fövqəladə səyləri nəticəsində 1999-cu ildə öz qapılarını dünyaya açmışdır. Hazırda Bakı beynəlxalq hava limanının ümummilli liderimiz Heydər Əliyevin adını daşıması ilə həm bu möhtəşəm kompleksdə çalışan işçilər, həm də ondan istifadə edən bütün sərnişinlər fəxr edirlər.
Məruzəçi demişdir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında aeronaviqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi, yeni yanacaqdoldurma stansiyasının istifadəyə verilməsi, yük terminalının tikintisi və digər yeniliklər nəticəsində mülki aviasiyamız son on ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olan səviyyəyə yüksəlmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan mülki aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir” sözlərini xatırladan A.Məmmədov vurğulamışdır ki, bu sözlər aviatorlar üçün əsl fəaliyyət proqramı olmuşdur.
Peşəkar milli kadrlara olan tələbat nəzərə alınaraq, Azərbaycan Milli Aviasiya Akademiyası yaradılmışdır və yerli kadrların yetişməsində onun əvəzsiz rolu var.
Mülki aviasiyanın yenidən qurulması layihələri üzrə Naxçıvan beynəlxalq hava limanı, Zabrat hava limanında yeni aerovağzal binası, Gəncə beynəlxalq hava limanı tikilib başa çatdırılmış və sərnişinlərin istifadəsinə verilmişdir. Bu il Lənkəran və Zaqatala hava limanlarının istismara verilməsi planlaşdırılmışdır.
2005-2008-ci illər ərzində şirkətlərimizin aviaparkı “Airbus-319”, “ATR-42-500” və “ATR-72-500” tipli yeni sərnişin təyyarələri, “İL-76” yük təyyarələri və müasir “Evrokopter” vertolyotları ilə təzələnmışdır.
Azərbaycan ən mötəbər beynəlxalq mülki aviasiya təşkilatlarında (ICAO, IATA, ECAC, Dövlətlərarası Mülki Aviasiya Komitəsi və sair) təmsil olunmuşdur. Hazırda ölkəmizin EVROCONTROL-a üzv olması üçün müzakirələr aparılır. Azərbaycan Ümumdünya Mülki Aviasiya sistemində 20-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur və daha iki konvensiyaya qoşulmaq barədə müzakirələr aparılır.
Bu ilin oktyabrında ölkədə növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Məmədov əmin olduğunu bildirmişdir ki, aviatorların çoxminli kollektivi qarşıdan gələn seçkilərdə ən layiqli namizəd kimi İlham Əliyevi dəstəkləyəcəklər.
Yubiley münasibətilə aviatorların böyük bir qrupuna mükafatlar və fəxri fərmanlar verilmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
######
![]() |
![]() |
![]() |


