AZƏRBAYCANDA QANKÖÇÜRMƏ XİDMƏTİ İLƏ BAĞLISEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbir Milli Məclis və BMT-nin İnkişaf Proqramı (İP) tərəfindən “Azərbaycanda qanköçürmə xidmətinin bərpası” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Seminarı giriş sözü ilə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə açmışdır. O demişdir ki, Azərbaycan xalqı müstəqilliyini əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu seçmiş və ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra genişmiqyaslı islahatlar aparmışdır. İslahatlardan biri əhalinin aztəminatlı təbəqəsinin, ən başlıcası isə xüsusi qayğıya ehtiyac duyan, xəstə insanların sosial problemlərinin həlli ilə bağlı olmuşdur. Problemin həlli üçün, ilk növbədə, möhkəm qanunvericilik bazasının olması vacibdir. Son illər bu istiqamətdə mühüm addımlar atılmış, “Sanitariya-epidemioloji sağlamlıq haqqında”, “İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin qarşısının alınması haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Azərbaycan ərazisində köçürmə üçün qan və onun komponentlərinin tədarükü, saxlanması və bölüşdürülməsi haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında” və digər vacib qanunlar qəbul edilmişdir. 2002-ci ildən BMT İP və Norveç dövlətinin dəstəyi ilə “Azərbaycanda qanköçürmə xidmətinin reabilitasiyası” adlı layihə həyata keçirilir. Layihənin məqsədi Avropa ölkələrinin təcrübəsinə uyğun olaraq Azərbaycanın qanköçürmə xidmətinin yenidən qurulmasıdır. Bu tədbir problemin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının bugünkü inkişafı gələcəkdə bizim özümüzün donor ölkə olacağımıza imkan yaradır. Amma hələlik bizə yardım lazımdır və ümid edirik ki, BMT İP və digər donor təşkilatlar öz köməklərini əsirgəməyəcəklər.
Sonra səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək demişdir ki, hazırda ölkədə rəsmi qeydiyyatdan keçmiş 2000-ə yaxın hemofiliyalı, 1000-ə yaxın talassemiyalı, eləcə də şəkərli diabetə tutulmuş xeyli xəstə vardır. Təkcə şəkərli diabetdən əziyyət çəkən xəstələrin bir illik müalicəsi üçün 15 milyon dollar vəsait lazımdır. Azərbaycan Respublikasının dövlət büdcəsində ümumilikdə dərman preparatlarının alınmasına 6 milyon dollar vəsait nəzərdə tutulmuşdur. Buna baxmayaraq, Səhiyyə Nazirliyi humanitar təşkilatların, donor ölkələrin və digər mənbələrin hesabına vəziyyətdən çıxmağa çalışır.
E.Ağayev, Norveç dövlətinə Azərbaycana göstərdiyi yardıma görə minnətdarlıq etmiş, digər ölkələri də bu təşəbbüsə qoşulmağa çağırmışdır.
Sonra Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, BMT İP-in rezident nümayəndəsi Devid Eyzenberq, Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev və başqaları çıxış etmişlər. Çıxışlarda Azərbaycan qanunvericiliyinin Avropa təcrübəsinə əsaslanaraq möhkəmləndirilməsi, mövcud problemləri və onların həlli yolları, müxtəlif xəstəliklərin yayılmasının qarşısının alınmasında beynəlxalq təcrübəsi barədə danışılmışdır.
Seminarda Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, müvafiq nazirliklərin nümayəndələri, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak etmişlər.