AZƏRBAYCANDA QİYMƏTLİ KAĞIZLAR BAZARI İNFRASTRUKTURU YARADILMIŞDIR
Tədbirdə, Avropa Birliyi tərəfindən maliyyələşdirilən, 2000-ci ildə TASİS proqramına daxil olunmuş bu layihə ilə bağlı respublikamızda görülmüş işlər ətraflı təhlil edilmişdir.
Layihənin rəhbəri Ceyms Rovley, Böyük Britaniyanın Bakıdakı səfiri Lorens Bristoun, “Denem Xoll” şirkətinin baş direktoru Corc Nianias “Securities Research Assosiates” şirkəti tərəfindən həyata keçirilən bu layihə ilə bağlı fikirlərini bildirərkən Azərbaycanda qiymətli kağızlar bazarı üçün münasib infrastrukturun mövcud olduğunu söyləmişlər. Qeyd olunmuşdur ki, ölkəmizdə qiymətli kağızlar bazarı ilə bağlı qanunvericilik bazası yaradılmış, bazara yeni xidmətlər daxil edilmiş, ehtiyacı olanlar üçün xüsusi təlimlər keçirilmişdir. Natiqlər, Azərbaycanın kapital bazarının 40-dan çox iştirakçısının London, Madrid, Stokholm və Moskvada təhsil aldığını da vurğulamışlar. Qeyd edilmişdir ki, ilin əvvəllərində bir neçə bankın birgə fəaliyyəti nəticəsində Azərbaycanda ilk bank istiqrazı buraxılmış və respublikamızda istiqrazların səhmlərə çevrilməsi prosesi başlanmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Heydər Babayev bildirmişdir ki, haqqında danışılan layihənin həyata keçirilməsinə ötən il martın 31-də başlanmışdır. Bu il noyabrın 4-də layihə başa çatdırılmalıdır. Ötən müddət ərzində qiymətli kağızlar bazarına aid normativ-hüquqi aktlar hazırlanmış və bu zaman beynəlxalq ekspertlərin tövsiyələrindən istifadə edilmişdir. Ölkəmizdə qiymətli kağızlar bazarının infrastrukturu yaradılmış və formalaşmışdır. Hazırlanmış qanunlar bu bazarın tələblərinə tam uyğundur. Bakı Fond Birjası, depozitarlar, brokerlər və başqa peşəkar iştirakçılar yaranmış infrastruktura daxildirlər.
Heydər Babayev korporativ istiqrazlar bazarında böyük inkişaf müşahidə edildiyini, səhmlər bazarının yarandığını, fond birjası vasitəsilə böyük əməliyyatlar aparıldığını vurğulamış, qiymətli kağızlar bazarının problemlərindən də danışmışdır.
Konfransda “Azərbaycanın kapital bazarında istiqrazlardan səhmlərə keçid”, “Mütərəqqi bank təcrübəsinin əhəmiyyəti”, “Azərbaycan şirkətləri üçün ictimai maliyyələşdirmə barədə xəbərdarlığın artırılması, maliyyə məsələləri və mühasibat”, “Bakı səhm birjası və Azərbaycanın kapital bazarında onun rolu” mövzularında məruzələr də dinlənilmişdir.