CƏMİYYƏT
Azərbaycandakı bir sıra dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət qəbul etmişlər
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycanda fəaliyyət göstərən yəhudi, xristian və digər dinlərə mənsub bir sıra dini qurumların rəhbərləri Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, müraciətdə Prezidentə qeyri-islam dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərildiyinə görə təşəkkür edilmişdir. Vurğulanmışdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilir və biz bunu təqdir etməklə yanaşı, həm də ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Hesab edirik ki, təkcə Azərbaycan deyil, həm də bütün region üçün əlamətdar hadisə kimi dəyərləndirilən bu qərarı beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər nümunə qəbul edəcəklər. Bu gün Azərbaycan Sizin bacarıqlı və fədakar rəhbərliyiniz altında ulu öndər Heydər Əliyevin yolu ilə inamla və sürətlə irəliləyir, ölkəmizin xoşbəxt gələcəyinin təməli daha da möhkəmlənir.
Müraciətdə qeyd olunmuşdur ki, Azərbaycan təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövlətidir. Çünki ölkədə dini etiqad azadlığının və tolerantlıq prinsiplərinin təmin olunması, eyni zamanda, milli-mənəvi dəyərlərimizin və müxtəlif konfessiyalara məxsus tarixi-dini abidələrimizin qorunması Sizin xüsusi diqqət mərkəzinizdədir. Siz hər bir azərbaycanlının Prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının ən ümdə hüququ sayılan din və vicdan azadlığının etibarlı təminatçısısınız. Bu gün Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan hökuməti, eyni zamanda, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin və dini abidələrimizin himayəçisi kimi böyük tarixə malik məscid və ziyarətgahların, eləcə də kilsə və sinaqoqların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirir.
Dini konfessiyaların rəhbərləri vurğulamışlar ki, son illərdə dövlətlə dini konfessiyaların və icmaların münasibətlərinin dinamikası yaxşılığa doğru çox sürətlə dəyişmiş, dini qurumların cəmiyyətin həyatında daha fəal iştirakı üçün əsaslı zəmin və imkan yaranmışdır.
Müəlliflər Azərbaycan Prezidentini ad günü münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar arzulamışlar.
Müraciəti qeyri-islam 18 dini icma və konfessiyanın rəhbəri imzalamışdır.