İDMAN
AZƏRBAYCANIN 4 GƏNC FUTBOLÇUSU İTALİYANIN “MİLAN” KLUBUNDA HAZIRLIQ KEÇƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın 4 gənc futbolçusu Bakının “İnter” peşəkar futbol klubunun dəstəyi ilə “Milan Junior Camp” layihəsi çərçivəsində İtaliyanın “Milan” komandasının bazasında hazırlıq keçəcəkdir.
Bununla bağlı sentyabrın 30-da “Excelsior” mehmaxanasında gənclər və idman naziri Azad Rəhimov, “Milan” klubunun rəsmiləri, AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Bakının “İnter” futbol klubunun prezidenti Georgi Nikolovun iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
“Milan Junior Camp” layihəsinin Qafqazda ilk dəfə Azərbaycanda gerçəkləşdirildiyini bildirən nazir Azad Rəhimov demişdir ki, Azərbaycanda futbolun inkişafına diqqət və qayğı artırılır. Klubların maddi-texniki bazası genişləndirilir, yeni stadionlar inşa olunur.
Layihənin baş meneceri Marko Skembri bildirmişdir ki, yaşı 8-14 olan 300 futbolçudan ən yaxşı 4 nəfər seçilərək “Milan”da təcrübə keçmək imkanı qazanacaqdır. Bir həftə ərzində “Şəfa” stadionunda keçiriləcək seçim, həm italiyalı, həm də yerli mütəxəssislər tərəfindən aparılacaqdır.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edən İtaliya yığmasının və “Milan”ın sabiq futbolçusu Franko Barezi ölkəmizdə futbolun inkişafına dəstək göstərməyə hazır olduğunu söyləmişdir.
“Milan”nın və İtaliya yığmasının əfsanəvi futbolçularından biri Daniele Massaro layihə çərçivəsində bir sıra ölkələrdə olduğunu, bu təşəbbüsün Azərbaycanda gerçəkləşməsindən məmnunluğunu bildirmişdir.
Sonda Azad Rəhimov, Elxan Məmmədov, Georgi Nikolov və Ramin Musayevə üzərində “Milan” klubunun ulduz futbolçularının adlarının əks olunduğu futbolkalar təqdim edilmişdir.