AZƏRBAYCANIN ABŞ VƏ NATO İLƏ ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov iyulun 10-da parlamentdə ABŞ-ın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri xanım Lora Hrubi ilə görüşmüşdür. Qonağı səmimi salamladıqdan sonra Ziyafət Əsgərov demişdir ki, məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan terrora qarşı mübarizədə dünyanın ən aparıcı dövlətlərindən biri olmuşdur. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-a yardım edilməsi barədə qərar qəbul etdi və ölkəmizin hava sərhədləri bu gün də Amerika üçün açıqdır. Parlament sədrinin müavini daha sonra demişdir ki, ölkəmiz özü terrordan əziyyət çəkdiyi üçün problemin ciddiliyini yaxşı başa düşür. Azərbaycana qarşı işğalçılıq siyasəti yeridən və torpaqlarımızın 20 faizini işğal edən Ermənistan terroru dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan isə öz mövqeyini bildirmiş, terrorla mübarizəyə aid 11 konvensiyaya qoşulmuş və qanunlar qəbul etmişdir. Öz fəaliyyətini beynəlxalq terrorizmə qarşı mübarizəyə yönəldən ABŞ və NATO bu fakta diqqət yetirməlidir. Milli Məclisin sədr müavini Azərbaycanın NATO-ya üzv olmaq niyyətində olduğunu xüsusi qeyd etmiş və ABŞ-ın, eləcə də NATO rəhbərliyinin ölkəmizə kömək göstərəcəyinə ümid etdiyini vurğulamışdır. Azərbaycanın antiterror koalisiyasındakı rolunu yüksək qiymətləndirən xanım Lora Hrubi demişdir ki, ABŞ bu məsələyə diqqətlə yanaşır və Azərbaycanı özünün strateji tərəfdaşı sayır. ABŞ Azərbaycanın NATO–nun proqramları çərçivəsində iştirakını, eləcə də Azərbaycan hərbçilərinin NATO-nun sülhməramlı qüvvələri tərkibindəki fəaliyyətini bəyənir. Azərbaycan Silahlı Qüvvələr kontingentinin İraqdakı sülhyaratma əməliyyatlarında iştirakı barədə Milli Məclisin bu yaxınlarda qəbul etdiyi qərar da ABŞ tərəfindən yüksək qiymətləndirilir.Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Ziyafət Əsgərov qonağı maraqlandıran sualları cavablandırmışdır.