Azərbaycanın “ağıllı” və “yaşıl şəhər” modeli beynəlxalq şəhərsalma gündəmində diqqət çəkir - ŞƏRH
Bakı, 15 may, AZƏRTAC
13-cü Ümumdünya Şəhərsalma Forumu müasir urbanizasiya siyasətinin əsas istiqamətlərini müəyyən edən qlobal platformalardan biridir. Forum çərçivəsində dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” texnologiyaları, yaşıl iqtisadiyyat, ekoloji təhlükəsizlik və rəqəmsal idarəetmə məsələləri xüsusi diqqət mərkəzindədir. Azərbaycan isə son illərdə həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi innovativ şəhərsalma modeli ilə beynəlxalq urbanistika gündəmində diqqət çəkən ölkələrdən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professor qeyd edib ki, Azərbaycanda şəhərsalma siyasətinin yeni mərhələsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması ilə xarakterizə olunur. İşğaldan azad edilmiş ərazilərdə yalnız infrastrukturun bərpası deyil, həm də müasir texnologiyalara əsaslanan yeni yaşayış məkanlarının yaradılması əsas məqsəd kimi müəyyən edilmişdir. “Bu proses şəhərsalma ilə milli inkişaf strategiyasının vəhdətini nümayiş etdirir: “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası Azərbaycanın yeni şəhərsalma modelinin əsasını təşkil edir. Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi bu sahədə nümunəvi model hesab olunur. Burada rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələri, “smart” kənd təsərrüfatı texnologiyaları, elektron təhsil və səhiyyə xidmətləri tətbiq edilir. Layihə göstərir ki, müasir urbanizasiya yalnız şəhərlərin böyüməsi deyil, həm də texnologiyanın insan rifahına xidmət etməsidir.
Eyni zamanda Şuşa şəhərində həyata keçirilən bərpa və quruculuq işləri tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin sintezini əks etdirir. Ağdam şəhəri üçün hazırlanmış yeni baş plan isə ekoloji təhlükəsizlik, yaşıl nəqliyyat, enerji səmərəliliyi və rəqəmsal idarəetmə sistemlərini özündə birləşdirən şəhərsalma modelinə əsaslanır”, - deyə professor vurğulayıb.
Z.Məmmədov qeyd edib ki, Azərbaycan şəhərsalma siyasətində “yaşıl şəhər” konsepsiyasına xüsusi əhəmiyyət verir. “Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan olunması bu istiqamətdə strateji addımdır. Yeni salınan yaşayış məntəqələrində günəş və külək enerjisindən istifadə, enerji effektiv binaların tikintisi, ekoloji nəqliyyat vasitələrinin tətbiqi və tullantıların ağıllı idarə olunması əsas prioritetlərdəndir. Bu yanaşma şəhərsalmanı yalnız iqtisadi inkişaf deyil, həm də ekoloji təhlükəsizlik modeli kimi formalaşdırır.
Füzuli şəhərində beynəlxalq hava limanının istifadəyə verilməsi, müasir avtomobil yollarının çəkilməsi və logistika imkanlarının genişləndirilməsi regionun urbanizasiya və iqtisadi potensialını artırır. Laçın, Kəlbəcər və Cəbrayıl rayonlarında həyata keçirilən layihələrdə isə ekoturizm, dayanıqlı məskunlaşma və yaşıl iqtisadiyyat prinsiplərinə üstünlük verilir.
Müasir şəhərsalma siyasətində “yaşıl şəhər” anlayışı insanların həyat keyfiyyətinin yüksəldilməsi ilə sıx bağlıdır. Park və yaşıllıq zonalarının artırılması, ekoloji təmiz ictimai nəqliyyatın inkişafı, karbon emissiyalarının azaldılması və rəqəmsal xidmətlərin genişləndirilməsi Azərbaycanın gələcək şəhərsalma strategiyasının mühüm istiqamətlərini təşkil edir. Bakı şəhərində həyata keçirilən ekoloji layihələr, bulvar və parkların genişləndirilməsi, yeni nəqliyyat infrastrukturunun qurulması bu siyasətin tərkib hissəsidir”, - deyə Zahid Məmmədov əlavə edib.
İqtisad elmləri doktoru diqqətə çatdırıb ki, WUF13 kontekstində Azərbaycan təcrübəsi göstərir ki, şəhərsalma yalnız memarlıq və tikinti prosesi deyil, həm də iqtisadi təhlükəsizlik, rəqəmsal transformasiya, sosial rifah və ekoloji tarazlığın təmin olunması modelidir. İşğaldan azad olunmuş ərazilərdə formalaşdırılan “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl şəhər” konsepsiyaları Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, region üçün də innovativ şəhərsalma nümunəsi hesab oluna bilər.
Müxbir – Pərvanə Qafarova