AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏ LİTVA RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Litva dövlətinin başçısı Baltik dənizi–Qara dəniz hövzəsi ölkələri dövlət və hökumət başçılarının Vilnüs zirvə toplantısının işində iştirak etdiyinə görə Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirərək demişdir ki, aparılmış müzakirələr və diskussiyalar Cənubi Qafqazda demokratik proseslərin inkişafına müsbət töhfəsini verəcəkdir. Litvanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafına maraq göstərdiyini vurğulayan cənab Valdas Adamkus Prezident İlham Əliyev ilə tezliklə görüşəcəyinə ümid bəslədiyini söyləmişdir.
Artur Rasizadə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlardan, həyata keçirilən qlobal nəqliyyat və energetika layihələrindən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tezliklə istifadəyə veriləcəyindən danışmışdır. O, Azərbaycanın qeyri-neft sektorunun inkişaf dinamikasını vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat vermişdir.
Elə həmin gün Artur Rasizadə Litva Seymi sədrinin müavini Çeslavas Yurşenasla görüşmüşdür. Qeyd edilmişdir ki, Litva Cənubi Qafqaz regionunda lider ölkə olan Azərbaycanla münasibətlərini genişləndirmək niyyətindədir. Parlamentlərarası əməkdaşlığı inkişaf etdirməyin zəruriliyi də vurğulanmış və bildirilmişdir ki, bu məqsədlə Bakıda Litva Seyminin nümayəndəliyini açmaq planlaşdırılır.
Azərbaycanın Baş naziri daha sonra litvalı həmkarı Algirdas Brazauskas ilə də görüşmüşdür. Litva hökumətinin başçısı ölkəsinin Avropa İttifaqına daxil olması prosesinin gedişində görülmüş tədbirlər barədə məlumat vermişdir. Görüşdə Litva-Azərbaycan iqtisadi əməkdaşlığını genişləndirmək məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Mayın 5-də Artur Rasizadənin növbəti görüşü Litvanın işgüzar dairələrinin nümayəndələri ilə olmuşdur. Litva Sənayeçilər Konfederasiyasının baş direktoru Rimas Varkulyaviçyus çıxışında demişdir ki, Azərbaycan ilə Litva arasında əmtəə dövriyyəsinin səviyyəsi iki ölkənin potensialına cavab vermir. Litva biznesmenləri Azərbaycanın kənd təsərrüfatına, emal sənayesinə və iqtisadiyyatın digər sahələrinə sərmayə yatırmağa, azərbaycanlı istehsalçılarla birbaşa əlaqələr yaratmağa maraq göstərirlər.
Artur Rasizadə görüşün iştirakçılarına Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafındakı nailiyyətlərdən danışmışdır.
Mayın 5-də Azərbaycanın Baş naziri Vətənə yola düşmüşdür. Vilnüsün beynəlxalq hava limanında onu Litva hökumətinin üzvləri yola salmışlar.