AZƏRBAYCANIN BAŞ NAZİRİ VİLNÜSDƏ ZİRVƏ TOPLANTISINDA ÇIXIŞ ETMİŞDİR
Zirvə toplantısının keçirilməsinin təşəbbüskarı olan dövlətlərin rəhbərləri – Litva Prezidenti Valdas Adamkus və Polşa Prezidenti Lex Kaçinski iştirakçıları salamlamışlar. Açılışda ABŞ-ın vitse-prezidenti Riçard Çeyninin təbriki də səslənmişdir.
Azərbaycanın Baş naziri Artur Rasizadə zirvə toplantısında çıxış edərək bildirmişdir ki, müstəqillik illərində ölkəmizdə siyasi, iqtisadi və humanitar sahələrdə qlobal dəyişikliklər baş vermişdir. Əsaslı islahatlar nəticəsində demokratik proseslərin inkişafı, qanunların aliliyinin, söz azadlığının və insan hüquqlarının, sərbəst iqtisadiyyat prinsiplərinin təmin edilməsi üçün möhkəm bünövrə yaradılmışdır.
Azərbaycan hökumətinin başçısı demişdir ki, Avropa və Avratlantik strukturlarına ardıcıl, məqsədyönlü inteqrasiya ölkəmizin xarici siyasətinin öncül istiqamətlərindən biridir. Azərbaycan ATƏT, Avropa Şurası, NATO çərçivəsində bütün səviyyələrdə regional əməkdaşlığa böyük əhəmiyyət verir. Bütün bunlar regionda və dünyada sabitliyə, təhlükəsizliyə və etimad tədbirlərinin möhkəmlənməsinə kömək edəcəkdir.
Terrorçuların əməllərindən çox zərər çəkən Azərbaycanın antiterror koalisiyasında iştirakı, terrorizmlə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ölkəmizin öz texniki və təşkilati imkanlarını əsirgəmədiyi, terrorizmi beynəlxalq sülhə və təhlükəsizliyə qorxu kimi qiymətləndirdiyi də qeyd olundu.
Artur Rasizadə ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Xəzər regionunda gerçəkləşdirilən qlobal energetika və nəqliyyat layihələrinə toxunaraq, onların region dövlətlərinin davamlı iqtisadi inkişafı üçün böyük əhəmiyyəti olduğunu vurğuladı. Qeyd olundu ki, bu layihələrin uğurla həyata keçirilməsi üçün regionda sabitlik və təhlükəsizlik təmin edilməlidir.
Hökumət başçısı görüş iştirakçılarının diqqətini Ermənistanın Azərbaycana qarşı 15 ildən çox davam edən təcavüzünə, bunun nəticəsində ərazimizin 20 faizinin işğal olunduğuna və bir milyon soydaşımızın doğma yerlərindən didərgin salındığına yönəltdi. Bildirdi ki, Cənubi Qafqaz regionunda bu cür münaqişələrin olması işğal edilmiş və nəzarətsiz ərazilərdə terrorçu və cinayətkar qruplaşmaların əl-qol açmasına əlverişli zəmin yaradır, zorakılığın və terrorun yeni mərhələlərini meydana gətirir, nəqliyyat kommunikasiyalarına, boru kəmərlərinin təhlükəsizliyinə, iqtisadi layihələrin gerçəkləşdirilməsinə böyük ziyan vurur.
Xüsusi vurğulandı ki, beynəlxalq vasitəçilərin səylərinin hələlik bir nəticəyə gətirib çıxarmamasına baxmayaraq, Azərbaycan münaqişənin həllinin beynəlxalq hüquq normaları və prinsiplərinə, ilk növbədə, ərazi bütövlüyü prinsipinə əsaslanan diplomatik yoluna sadiq qaldığını göstərməkdədir.
X X X
Zirvə toplantısının gedişində Azərbaycan hökumətinin başçısı Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa İttifaqı Şurasının baş katibi Xavyer Solana ilə görüşmüşdür. Cənab Solana Azərbaycanda demokratiyanın inkişaf səviyyəsini, Avropa strukturlarına inteqrasiya üçün ölkədə gedən prosesləri yüksək qiymətləndirmişdir. Artur Rasizadə Azərbaycanı regionda lider mövqeyinə çıxaran iqtisadi uğurlarımızdan, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yaxın vaxtlarda istifadəyə veriləcəyindən danışmışdır. Eyni zamanda demişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi respublikamız üçün başlıca problem olaraq qalır. Azərbaycan xalqının səbri hədsiz deyildir. Xalqımız münaqişənin başqa yolla həll edilməsi hüququnu özündə saxlayır. Bu qərarın dəyişdirilməsi ancaq Ermənistanın konstruktiv mövqeyindən asılı ola bilər.
X X X
Mayın 4-də Artur Rasizadə Rumıniya Prezidenti Trayan Besesku ilə də görüşmüşdür. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həlli məsələsində ölkəmizin ədalətli mövqeyinin Rumıniya tərəfindən beynəlxalq təşkilatlarda dəstəklədiyi vurğulanmışdır. Azərbaycan hökumətinin başçısı demişdir ki, bu münaqişənin həll edilməməsi regionda demokratik proseslərin inkişafını ləngidir. Artur Rasizadə Azərbaycan-Rumıniya əməkdaşlığının genişləndirilməsi perspektivlərindən danışaraq, hökumətlərarası iqtisadi komissiyanın işini fəallaşdırmağın zəruriliyini bildirmişdir.
X X X
Azərbaycanın Baş naziri Artur Rasizadə həmin gün ATƏT-in hazırkı sədri, Belçika Krallığının xarici işlər naziri Karel de Quxt ilə də görüşmüşdür. O, ATƏT-in sədrinə Azərbaycanın iqtisadi nailiyyətlərindən, sosial-iqtisadi sahədə aparılan islahatlardan danışmışdır.
Karel de Quxt ümidvar olduğunu bildirmişdir ki, Azərbaycanın neft sənayesinin inkişafından götürülən gəlirdən xalqın rifahı naminə səmərəli istifadə ediləcəkdir. Onun sözlərinə görə, Avropa qurumlarına getdikcə genişlənən inteqrasiya prosesləri Azərbaycana yaxın gələcəkdə Avropa Birliyinin tamhüquqlu üzvü olmağa imkan verəcəkdir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər barədə fikir mübadiləsi də aparılmışdır. ATƏT-in sədri onu “postsovet məkanında ən çətin münaqişə” kimi qiymətləndirmişdir. Azərbaycanın Baş naziri ölkəmizin münaqişənin dincliklə həllinə sadiq qaldığını vurğulamaqla yanaşı, bu məsələdə Ermənistanın konstruktiv mövqe tutmadığını da bildirmişdir.
X X X
Mayın 4-də Baltik dənizi–Qara dəniz hövzəsi ölkələri dövlət və hökumət başçılarının zirvə toplantısı başa çatmışdır. Onun yekunlarına əsasən rəsmi məlumat qəbul olunmuşdur.