AZƏRBAYCANIN BAŞ NAZİRİ VİLNÜSƏ GƏLMİŞDİR
Litva Prezidenti Valdas Adamkusun və Polşa Prezidenti Lex Kaçinskinin təşəbbüsü ilə mayın 4-5-də Vilnüsdə keçiriləcək zirvə görüşündə Avropa İttifaqının və NATO-nun rəhbərləri iştirak edəcəklər.
Görüşün “Ümumi mehriban qonşuluğa ümumi baxış” devizi Avropa ölkələri və xalqlarının elm, mədəniyyət, sahibkarlıq və siyasət sahəsində, habelə ictimai həyatın digər mühüm sahələrində əməkdaşlığı yollarının axtarışını əks etdirir.
Görüşdə Avropa İttifaqı və NATO genişləndikdən sonra baş vermiş dəyişiklikləri, habelə regionda demokratiyanı möhkəmlətmək perspektivlərini müzakirə etmək planlaşdırılır.
Yüksək səviyyədə görüş ərəfəsində ekspertlərin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” arxasında müxtəlif müzakirələr, habelə region ziyalılarının və gənclərin nümayəndələrinin görüşləri keçiriləcəkdir.
Zirvə toplantısının gedişində Artur Rasizadənin Litva Prezidenti Valdas Adamkus, Baş nazir Algirdas Brazauskas, Litva Seyminin sədri, Avropa İttifaqının ümumi siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali komissarı Xavyer Solana, Rumıniya və Gürcüstan prezidentləri Trayan Besesku və Mixail Saakaşvili ilə görüşləri planlaşdırılır.
Baş nazir Artur Rasizadə Litvanın işgüzar dairələrinin nümayəndələri ilə də görüşəcəkdir.