AZƏRBAYCANIN BEYNƏLXALQ NOTARİAT İTTİFAQI İLƏ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏNİR
Azərbaycanın ilk dəfə iştirak etdiyi bu nüfuzlu beynəlxalq qurumun tədbirində ölkəmizi ədliyyə nazirinin müavini Toğrul Musayevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
İclasın açılış mərasimində Uruqvay dövlətinin vitse-prezidenti Rodolfo Nin Novoa və Dünya Bankının vitse-prezidenti xanım Anna Palasiyo iştirak etmişlər.
Assambleyanın iclasında ittifaqın üzv ölkələrinin notariat orqanlarının fəaliyyəti barədə təqdim etdikləri hesabatlar, habelə daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ipoteka müqavilələrinin rəsmiləşdirilməsi kimi aktual məsələlər müzakirə olunmuş, tədbirdə Azərbaycanın iştirakı xüsusi vurğulanmışdır.
İttifaqın İcraiyyə Komitəsinin Beynəlxalq Əlaqələr üzrə Komissiyasında Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatları çərçivəsində notariat fəaliyyətinin təşkili və bu sahədə işin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik və xüsusi notariat institutunun tətbiqi məsələləri barədə nümayəndə heyətinin geniş məlumatı dinlənilmiş, iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılmış, ölkəmizdə ədliyyənin inkişafı üzrə görülən tədbirlər rəğbətlə qarşılanmışdır.
Beynəlxalq Notariat İttifaqının prezidenti Ciankarlo Laurini ilə keçirilmiş görüş zamanı ölkəmizin bu quruma üzv qəbul olunmasına dair təklif irəli sürülmüş, ikitərəfli münasibətlərin genişləndirilməsi məqsədi ilə əlaqələndirici şəxs təyin olunmuş və ittifaq rəsmilərinin Azərbaycan Respublikasına işgüzar səfəri planlaşdırılmışdır.
Səfər çərçivəsində bir sıra ölkələrin notariat qurumlarının, o cümlədən Uruqvay Notariuslar Assosiasiyasının rəhbərləri ilə görüşlər keçirilmiş, əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur.