AZƏRBAYCANIN BÖYÜK BRİTANİYADAKI SƏFİRLİYİNDƏ HEYDƏR ƏLİYEVİN 85 İLLİYİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illiiyi ilə əlaqədar tədbir keçirilmişdir. Mərasimdə Lordlar və Nümayəndələr palatalarının üzvləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, Londonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və diasporun üzvləri iştirak etmişlər.
Səfir Fəxrəddin Qurbanov tədbiri açaraq ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısında xidmətləri barədə iştirakçılara məlumat vermişdir. O demişdir ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və möhkəmlənməsindəki əvəzsiz və müstəsna xidmətləri xalqımız tərəfindən heç bir zaman unudulmayacaqdır. Natiq, ulu öndərin əsasını qoyduğu siyasi xətti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və bunun nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndiyini diqqətə çatdırmışdır.
Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmiş, iştirakçılara “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən hazırlanmış kitab təqdim olunmuşdr.
Daha sonra Türkiyənin Böyük Britaniyadakı səfiri M.Yigit Alpoğan, Böyük Britaniyanın Azərbaycanda keçmiş səfiri Rocer Tomas, professor Tamara Draqadze çıxış edərək Heydər Əliyevlə keçirdikləri görüşlərlə bağlı xoş təəssüratlarını bölüşmüş, xatirələrini danışmışlar.