Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü və Həmrəylik Günü İsveçrədə qeyd edilib
Bern, 21 dekabr, AZƏRTAC
Bern şəhərinin tanınmış konsert salonlarından olan Villa Mettlendə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə İsveçrədə yaşayan soydaşlarımız və İsveçrə ictimaiyyətinin nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov və daimi nümayəndəliyin işçiləri, bir sıra beynəlxalq təşkilatlarda çalışan həmyerlilərimiz iştirak ediblər.
Tədbiri açan səfir Əkrəm Zeynallı Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək üçün çətin yollardan keçdiyini, bütün çətinliklərə baxmayaraq bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini diqqətə çatdırıb. Səfir həmin dövrdə baş verən tarixi hadisələrə nəzər yetirərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edib, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycanda müstəqilliyin bərpa edilməsindən sonra dövlət quruculuğu sahəsində atılmış addımlardan, həyata keçirilmiş islahatlardan geniş söz açan Əkrəm Zeynallı Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə öz layiqli yerini tutduğunu diqqətə çatdırıb.
Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının tarixçəsi barədə qonaqlara məlumat verən səfir bu birliyin qurulması istiqamətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gördüyü işlər barədə danışıb. O, həmçinin 2016-cı il ərzində Azərbaycan-İsveçrə münasibətlərində baş vermiş əsas hadisələrə nəzər salıb, qarşılıqlı dostluq münasibətlərinin ildən-ilə möhkəmləndiyini qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tədbir iştirakçılarını dövlət müstəqilliyimizin bərpasının 25 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Bayram tədbiri Paris şəhərində yaşayan azərbaycanlı pianoçu Etibar Əsədlinin ifasında Azərbaycan musiqisinin nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Konsert proqramından sonra qonaqlara Azərbaycanın milli təamlarından ibarət ziyafət verilib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern